Bakının Kürdəxanı qəsəbəsində yanvarın 15-də 25 yaşlı gəncin özünü öldürməsinin səbəbləri məlum olub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində baş verib. Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq intihar edib.

Məlumata görə, intihar edən F.Qəhrəmanlı qohumlarından qız istəyib. O, bu barədə ailəsinə məlumat verib və valideynlərinin həmin qıza elçi getməsini istəyib. F.Qəhrəmanlının valideynləri övladlarının təklifinə razılıq verib və qız evinə elçi gediblər.

Ailələr qohum olsalar da, qız oğlanı sevmədiyi üçün onlara "yox" cavabı verib. Valideynləri geri qayıdaraq bu xəbəri F.Qəhrəmanlıya bildiriblər. Yanvarın 15-də səhər tezdən evdə heç kim olmadığı zaman F.Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq öldürüb. Valideynləri hadisədən gec xəbər tutduğundan, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.