"Barselona klubunun hücumçusu Neymar Beynəlxalq İdman Tədqiqat Mərkəzinin (CIES) versiyasına əsasən dünyanın ən bahalı hücumçusu seçilib.

Unikal.org-un məlumatına görə, bu barədə bazar ertəsi, yanvarın 16-da, "football-observatory.com nəşri yazır.

Braziliyalının transferi 246,8 milyon avro dəyərində qiymətləndirilir. İlk üçlüyə həmçinin "Barselonanın digər hücumçusu Lionel Messi (170,5 milyon avro) və "Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon avro) daxil edilib.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) versiyasına görə 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülən və "Qızıl top mükafatını qazanan Madrid "Realının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda yalnız yeddinci pillədə qərarlaşıb (126,5 milyon avro).

Qeyd edək ki, ilk onluqda həmçinin Antuan Qrizmann ("Atletiko), Luis Suares ("Barselona), Harri Keyn ("Tottenhem), Paulo Dibala ("Yuventus), Dele Alli ("Tottenhem) və Eden Azarın ("Çelsi) adı var.

Beynəlxalq İdman Tədqiqat Mərkəzi reytinqin hazırlanmasında futbolçuların statistik göstəricilərini, oyun vaxtını, yaşını və müqaviləsini nəzərə alıb.