Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) 2016-cı il Novruz Bayramı münasibətilə elan etdiyi fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mükafatlandırılma mərasimində ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirən ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Unikal.org-un məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilk öncə tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıb.
Müsabiqə barədə geniş məlumat verən V.Səfərli bildirib ki, müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim edilib: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 15 istiqamət üzrə altı qalib müəyyən edilib. Onlardan ikisi ikinci yer, üçü üçüncü yer və biri birinci yerin qalibi olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib və ən yüksək bal toplayan jurnalistlər müşahidə şurasının qərarı ilə mükafatlandırılıb".
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov iştirakçıları salamlayaraq, qarşıda gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Sonra Ə.Amaşov jurnalist əməyi barədə danışıb. Cənab Amaşov jurnalistikanın xalqın mili şüurunun oyanmasında və müstəqil dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb.
Millət vəkili qeyd edib ki, bu il keçirilən müsabiqədə əvvəlkilərdən fərqli olaraq iştirakçıların sayı daha çox olub: "Təqdim edilən məqalələr keyfiyyət baxımından kifayət qədər yüksəlib. Yazarlar çalışırlar ki, faktları düzgün işlətsinlər, mənbələri etibarlı olsun. Bu da jurnalistikanın peşəkarlığının artmasında kifayət qədər böyük inkişafdır".
Sonra tədbirdə Fondun ekspertləri müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər.
Ekspertlər jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer ayırmağı, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər. Sonda qaliblərə mükafatlar təqdim edilib. Qaliblər arasında "Unikal" qəzetinin əməkdaşı Amid İsbəndərov da olub. 
Fotolar trend