Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xaricdən gələn insanlara tibbi nəzarət daha güclü olur.

Unikal.org-un məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər üçün, o cümlədən bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün lazımi tədbirlər görülür. Bu oyunlarla bağlı yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar tərəfindən bütün profilaktik tədbirlər həyata keçiriləcək.

A.Əliyeva deyib ki, bu gün heç bir ölkədə, eləcə də Rusiyada qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb: "Bununla bağlı heç bir qorxu və narahatlıq yoxdur. Ola bilər ki, respirator infeksiyalar, yüngün keçən qrip virusları ölkəyə gəlsin. Ancaq bu, təhlükəli deyil və hava damcı infeksiyalarıdır".