Əli Əliyev: "Açıq deməliyik ki, hakimiyyətin müxtəlif qrupları bütün göstəriciləri ilə müxalifət təşkilatlarından güclüdürlər

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səsləndirib. Onun bu fikirləri Azərbaycanda sərt təpki ilə qarşılanıb. Bu və ya digər məsələlərlə bağlı "Unikal qəzetinə müsahibə verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə söhbətə Lavrovun məlum açıqlamasından başladıq.


-Əli bəy, Lavrovun məlum çıxışı ciddi narazılıq yaradıb. Onun son bəyanatını necə qiymətləndirirsiz?

-Lavrovun bəyanatı RF-nin Qarabağ probleminə baxışının rəsmi, lakin bu dəfə açıq ifadə edilmiş mövqeyidir. Ola bilər Kələntərovun çalar qatqısı var. Bu müdaxilə həlledici deyil. Kim bilmir ki, Azərbaycan torpaqlarını erməni nə işğal, nə də nəzarətində saxlaya bilməz. Qarabağ problemi Şimal qonşumuza hər 2 dövləti "noxta"da saxlamaq üçün mexanizmdir. İndi isə ermənilərin mövqeyinə dəstək vermək üçün Rusiya XİN şefi belə mövqe göstərir. Çünki Azərbaycanın daxili durumu gərgindir, kataklizmlər gözləntisi var. Rusiya dövlətçilik maraqlarının təminatı üçün , onlara görə, uğurlu vaxtdır. Mən bu bəyanatı hiddətlə qarşılayıram. Lavrovun mövqeyi dövlətimizə təhdid, nümayişkaranə hörmətsizlik nümunəsidir.

- Sizcə, vasitəçi bir dövlətin belə bir mövqe ifadə etməsi nə dərəcədə doğrudur, yaxud bu dövlətin vasitəçiliyi bizə nə verə bilər?

-Çalışıram Rusiya barədə danışan zaman ədalətli olum. Rusiyaya siyasi "kəllə" atmağı yanlış görürəm. RF son bir ildə mövqelərini xeyli möhkəmləndirib. Sanksiyalara sinə gərməklə, valyutasını sabitləşdirməklə, xüsusən də Suriya müharibəsindəki nəticələrlə bizim üçün təhlükə əmsalını artırıb. Görünən odur ki, RF-nin rəsmi dövlət siyasəti keçmiş imperiya hüdudlarını bərpa etməkdir. Qərb dəyərlərinin devalvasiyası, Trampın seçkisi və hələlik sərgilədiyi mövqe təhlükəni dərinləşdirir. Dünənə qədər də onsuz da birtərəfli mövqe tutan Rusiyanın vasitəçiliyi, bizə sabah nə isə vəd etdiyini düşünmürəm. Bir sıra RF rəsmiləri son dövrlər Qarabağ məsələsinə kənar, Rusiyadan başqa müdaxilənin yolverilməz olduğunu açıq dilə gətirirlər. Fikrimcə, bu barədə səlahiyyətli şəxslər dərindən düşünməlidirlər.

- Hakim siyasi kursun nümayəndələri də Lavrovun çıxışına etirazını bildirdilər. Müxalifət də sərt reaksiyasını göstərdi. Sizcə, başqa hansı formada təpki göstərmək olar?

-Ən yaxşı cavab düzgün seçilmiş siyasi kurs ola bilər. Hakimiyyətin xarici siyasi kursu əyinti verib. Daxili dayaqları zəiflədikcə, avtoritar Rusiyaya yaxınlaşırdılar. Qərblə münasibətlər xeyli kövrəkləşib. Balanslı Heydər Əliyev kursundan imtina olunur. Yanlış buradadır. Qərblə münasibətləri gərgin olan istənilən dövlət Kremlin yemidir. Biz də o tərəfə dreyf etməkdəyik. Sakitcə paradiqmalar korreksiya edilməlidir. Şüarçılıq yolverilməzdir. Müxalifət daha qabarıq danışmalıdır. İqtidar Türkiyə, Qərb dövlətləri ilə münasibətlərə yenidən baxmalıdır. Daxili siyasətinə yenidən baxmalı, cəmiyyətlə uzlaşma nöqtələri tapmalı, daxili dialoqa başlamalıdır.

- Müxalifətdən və dialoqdan söz düşmüşkən. Siz neçə vaxtdır bir sıra müxalifət partiyaları ilə bir aradasız. Amma nədənsə, yenə də Müsavatla AXCP Siz tərəfə baxmır. Səbəbini necə izah edə bilərsiz?

-Bu vəziyyətə obyektiv yanaşmaq lazımdır. Fikrimcə, məsələnin 2 kökü var. İlk olaraq onu deyə bilərəm ki, hamı təkbaşına nə isə əldə etməyi düşünür. Fərqindədirlər ki, hələlik həlledici dönəm deyil, ona görə də çalışırlar tək "parlasınlar". Bu bir taktikadır. Mənə görə yanlış yoldur, lakin hamının qərar hüququ vardır. 2-ci səbəb isə bu 2 partiyanın 93-dən uzanan rəqabətinə söykənir. Bu 2 partiyanın münasibətinə dair mən mövqeyimi bildirmişəm. Hər 2 təşkilatın son 23 ildə kifayət qədər strateji səhvləri olub. Bu barədə hələlik danışmağa lüzum görmürəm. Lakin son illərdə AXCP-nin sərgilədiyi tövrü daha düzgün sayıram. Onlar eyni elektoral bazaya malik 2 fərqli təşkilatdılar. Ona görə də belə rəqabət hər ikisini zəif salır. Son 12 ildə isə ən azı 3 dəfə Müsavat cəbhəçiləri aldadıb. 5, 10 və 13-cü illərdə. Təfərrüata varmıram. İndi isə Kərimli hesab edir ki, onlara inanmaq olmaz və haqlıdır da. Həm də hakimiyyətlə mübarizədə nizənin tiyəsində onlardır, bunu açıq etiraf etmək lazımdır. Düzdür, onlar üçün başqa tövr seçmək imkanı da qalmayıb. Lakin necə olmasından asılı olmayaraq, itki verən onlardır. Səmimi şəkildə bu 2 təşkilatın yaxınlaşması, onların elektoratını birləşdirərdi. Fikrimcə, Müsavat AXCP-nin bir addım öndə olmasını qəbul edib yaxınlaşsalar, ümumi mübarizəyə fayda vermiş olarlar.

- Amma hər iki partiya sizi və dostlarınıza yuxarıdan aşağı baxır. Özlərini böyük, Sizi kiçik partiya kimi qələmə verirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bu təkəbbürdür. Əslində mən o siyasi xəttin uğur qazanacağını görmürəm. O platforma düşmənçilik və qisasçılığa köklənib. Perspektivsizdir. Bu xətt ölkəni dağıdar. Böyüklük nədə ifadə olunur? Siz görürsünüzmü? Mən şəxsən bunu duymuram. Çünki aparılan siyasət hamını eyni kökə salıb. Fərqləndirmək potensialını hakimiyyət tavanı altında saxlayıb. Üstünlük yaradan şərtlər hakimiyyətdən dağılmayana qədər, hamı bərabər vəziyyətdə olacaq. Açıq deməliyik ki, hakimiyyətin müxtəlif qrupları bütün göstəriciləri ilə müxalifət təşkilatlarından güclüdürlər. Onların siyasi imkanları ona görə qeybdədir ki, hələlik iqtidar daxildə anlaşa bilir. Bu uzlaşma pozularsa, bu günkü siyasi mənzərə köklü şəkildə dəyişəcək. O partiyalar gücə çevriləcək ki, onlar iqtidar qrupları ilə alyans yarada bilsinlər. Bunu dünya praktikası təsdiq edir. Gürcüstanda bir milyarder bütün siyasi infrastrukturdan güclü çıxdı. Azərbaycanı da eyni aqibət gözləyə bilər. Sadəcə olaraq, həmin potensial sahibləri təkbaşına da heç nə edə bilməzlər. Bu baxımdan müxalifətlə ittifaq qaçılmaz olacaq. İndi isə kim özünü necə aparır, qoy aparsın. Yekəxanalıq diaqnozdur.

- Hər halda, şəxsi ambisiyalarını özünə çəkən siyasi liderlərlə bir arada olmaq çətin olar yəqin?

-Ambisiyalar bu günkü zəifliyin əsas nədənlərindəndir. Axı ciddi təşkilati, informativ, kadr, maddi üstünlüyü olmayanlar necə üstün olduqlarını iddia edə bilərlər?

-Amma onları danışdıranda sizi yox, yalnız özlərinin müxalifət olduğunu və xalqın da yalnız onları dəstəklədiklərini deyirlər...

-Bu, onların şəxsi fikirləridir. Xalq hələlik heç kəsin nə qarşısında, nə də arxasında görünmür. Ona görə də belə iddiaları yalnız PR bəyanatları, reallıqdan uzaq mövqe kimi səciyyələndirmək olar.