Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün "Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb.

Komitədən Unikal.org-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında qərar və qətnamələr qəbul edilib:

"Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırki prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər.

J.Kardonun sualını cavablandıran Ə.Hsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün səmərəli idarəçilik mexanizmi yaradılıb: "Qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılsa da onların əsas istəyi öz doğma torpaqlarına qayıtmaqdır. Çünki vətən doğulduğun yerdən başlayır.