İçərisi sərnişinlə dolu olan avtobus 4 zolaqlı yolda ən sağ zolaqla hərəkət edir. Ancaq sürücü anidən sola dönüş edərək həm sərnişinləri, həm də yol hərəkətinin digər iştirakçılarını risqə atır.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, təhlükəli kadrları ötən gün aktiv sosial şəbəkə istifadəçisi Mahir Məmmədli lentə alıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülərdə qaydaları pozan isə 39 nömrəli avtobusun sürücüsüdür.

Həmin ərazidə olduqda isə məlum olud ki, sürücülər bu ərazidə eyni qayda pozuntusuna mütəmadi olaraq yol verirlər. Onlar bunun səbəbini isə əraziyə qurulan dayanacağın yerinin yanlış seçildiyində görürlər.

Sərnişinlər isə sürücüləri diqqətli olmağa səsləyirlər.

Ekspert Ərşad Hüseynov isə deyir ki, sürücü burada yol hərəkəti qaydasını kobud şəkildə pozaraq həm qəza risqi yaradır, həm də tıxaca səbəb olur.

Ərşad Hüseynov deyir ki, bu qaydanı pozduğuna görə, avtobus sürücüsü 40 manat cərimə edilməlidir.

Məsələ ilə bağlı 39 nömrəli avtobusların məxsus olduğu daşıyıcı şirkətdən bildirildi ki, kadrlara baxıldıqdan sonra həmin sürücü aşkar ediləcək və lazımı tədbirlər görüləcək. Həmçinin sürücülərə həmin ərazidə qaydaları pozmamaq göstərişi veriləcək.