"Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib".

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib. O bildirib ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir:

"Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir otel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib.

Qeyd edilməlidir ki, respublikamızda keçirilən "Eurovision-2012, qızlar arasında futbol üzrə U-17 dünya çempionatı, Beynəlxalq Caz Festivalı, birinci Avropa Oyunları, Formula-1 və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə çox böyük müsbət təsiri olub. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaradıb.

Möhtərəm Prezident, ölkəmizdə turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılması arzuolunandır. Buna misal kimi, ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsini göstərmək olar. Bununla yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti, özünəməxsus mədəniyyəti, zəngin və möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər Xəzər dənizi də çox maraqlandırır. Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanlarından yararlanmalıyıq".