Təxminən 17 ilə əvvəl Türkiyədə Yalova Atınovada azərbaycanlı Tahir Bağırovu öldürdükləri ortaya çıxan 3 erməni hələ də yaxalanmadı. Qatillər həbs edilmədiyi üçün araşdırma prosesi hələ də davam edir.

Unikal.org-un əldə etdiyi özəl xəbər görə, 9 sentyabr 2000-ci il tarixdə Türkiyədə Yalova Atınova yaxınlığındakı mərmər fabrikinin tullantılar sahəsində kişi cəsədi tapılıb. Araşdırmalardan sonra həmin cəsədin Azərbaycandan buraya işləmək üçün gələn Tahir Bağırova aid olduğu və onun öldürülərək mərmər tullantıları sahəsinə atıldığı üzə çıxıb. Bundan sonra cinayət qurbanı olan T.Bağırovun xanımı Xatirə Bağırova Azərbaycandan Türkiyəyə gələrək ərinin öldürülməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edib və qatillərin taplmasını istəyib. Hadisə ilə bağlı Kocaelinin Karamürsəl prokurorluğunda cinayət işi açılıb, istintaq yekunlaşandan sonra cinayət işinin materialı Kocaeli Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

QATİLLƏR ERMƏNİ İMİŞ...



Kocaeli Ağır Cinayətlər Məhkəməsində Tahir Bağırovun öldürülməsi ilə bağlı açılan cinayət işində sonuncunun işlədiyi tarixdə mərmər fabrikində çalışan bütün işçilərin ifadəsi alınıb. Araşdırmalardan sonra məhkəmə Tahir Bağırovu, Ermənistan vatandaşı olan Armen Qrigoryan Qrqaryan, Havsep Nasep Minasyan ve Hrachya Vaciko Haruttunyan adlı üç nəfərin öldürdüyünü ortaya çıxarıb. Erməni əsilli vətəndaşlar barəsində həbs qətiimkan tədbiri çıxaran məhkəmə onların Ermənistanda olmaları səbəbindən araşdırmaları hələ də davam etdirir.

MƏHKƏMƏ "OYUNU"

Məsələ ilə bağlı Kocaeli Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2013-cü ildə nəticəsizlik barədə qərar verilib. Hadisə baş verdiyi tarixdə Yalovada Ağır Cinayətlər Məhkəməsi yox idi. Hadisənin araşdırılması müddətində Yalovada Ağır Cinayətlər Məhkəməsi açıldı. Bu səbəbdən Kocaeli Ağır Cinayətlər Məhkəməsi işi yeni açılan Yalova Ağır Cinayətlər Məhkəməsinə baxılmaq üün göndərdi. Yalova məhkəməsi isə bu qərarı təsdiqləməyərək işi yenidən Kocaeli Ağır Cinayətlər Məhkəməsinə geri göndərib. Araşdırmalara başlanıldığı ilk dövrdən bu yana 52 məhkəmə prosesinin keçirildiyi Tahir Bağırovun cinayət davası hələ də davam edir. Qatillər isə bu vaxta qədər məsuliyyətə cəlb olunmayıb. Onların barəsində beynəlxalq axtarışın verilməsi ilə bağlı məhkəmə heç bir məlumat yaymayıb.

Elvin Rüstəmov