"Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov. Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı. Sonradan onun yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı.

Bu gün Bakı Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim. Məlum oldu ki, onun fəaliyyət marşrutu Milli Məclisə yaxındır. Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan Teleteatr binası yanında olub".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, Teymur çox təvazökar və azdanışan bir gəncdir: "Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, "etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın".

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım. Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə edib. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib".

Qeyd edək ki, Bakı Şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayiət-Eskort Bölüyünün 1-ci tağımının əməkdaşı (99-P-027), polis baş serjantı Teymur Süleymanov qarlı havada mağazadan öz puluna duz alaraq yola səpməsi ilə gündəmə gəlib.