Astara Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, idarənin yük şöbəsində İrandan Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarətindən keçirilib.

Nəzarət zamanı, xidməti itin reaksiyasına əsasən, sözügedən vətəndaş gömrük əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi yoxlanılıb. Nəticədə, avtomobilin kabinəsində - ötürücü qurğunun yanında, içərisində məişət tullantıları olan sellofon torbadakı bir ədəd bükümdə, xalis çəkisi 4,660 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Astara Gömrük İdarəsində psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı daha bir fakt qeydə alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn İran vətəndaşı da gömrük nəzarətindən keçərkən, ona məxsus idman çantasında bir ədəd bükümdə, xalis çəkisi 0,838 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.