2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən futzal idman yarışının, "Nə? Harada? Nə zaman?" intellektual oyununun və "İlin peşəkar gənci müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Unikal.org bildirir ki, mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.
Azərbaycan Təhsil Nazirliyinin müavini Firudin Qurbanov da çıxış edərək gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə, idmana olan maraqlarından və uğurlarından danışıb.
Tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindəki 20 ali məktəbin tələbələri iştirak ediblər. Futzal üzrə yarışlarda Azərbaycan Dillər Universiteti I, Bakı Dövlət Universiteti II, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti III yeri qazanıblar.
"Nə? Harada? Nə zaman?" intellektual oyunun qalibi adını Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri isə II və III yerləri qazanıblar.
Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş "İlin peşəkar gənci" müsabiqəsinin fəal iştirakçılarına da mükafatlar təqdim edilib.
Mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğurlar qazanmış ümum orta, orta ixtisas və ali təhsil müəssisələrinin 27 nəfər təhsil işçisi işçiləri də olub. Mərasimdə həmçinin 2016-cı ildə müxtəlif elm, musiqi və idman üzrə beynəlxalq tədbirlərdə uğur qazanmış bir qrup ali məktəb tələbəsi də mükafatlandırılıb..