Ölkə ərazisində havanın qeyri-sabit, qarlı və şaxtalı keçməsinə baxmayaraq, abonentlər dayanıqlı elektrik enerjisi ilə təmin ediliblər.

Unikal.org xəbər verir ki, bu barədə  "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə saatlarında gücləndirilmiş iş rejimində çalışıblar və bütün ərazilər fasiləsiz elektrik enerjisilə təmin olunub: "Hazırda heç bir ərazidə problem yoxdur. İstər Bakı şəhərində, istərsə də bölgələr, kənd və qəsəbələr, dağlıq ərazilər - hər yerdə elektrik enerjisilə təminat normaldır. Gecə saatlarında "Azərişıq" əməkdaşları növbəli sistemlə fəaliyyət göstərib, texnika və canlı qüvvələrimiz abonentlərə fasiləsiz xidmət göstərib. Fərdi müraciətlər əsasında dərhal problem olan ərazilərə canlı qüvvə və texnikalar cəlb edilib və yaranan problemlər dərhal aradan qaldırılıb".

T.Mustafayev bildirib ki, bütün ərazilərdə maşın və texnikalar, canlı qüvvə hazırlıqlı vəziyyətdədir: "Hazırda bütün xətlər yüksək səviyyədə təftiş olunur, heç bir ərazidə elektrik enerjisilə təminatda fasilə yoxdur".