Abşeron rayon Saray qəsəbəsi Mirzə Fətəli Axundov küçəsində 400-dən çox yaşayış evinə qaz verilmir. 

Bu barədə Unikal.org-a qəsəbə sakini Mustafazadə Orxan məlumat verib.

O, bildirib ki, qış gələndən mavi yanacağa həsrət qalıblar: "Üzümlük massivi deyilən ərazidən Əliyev Bəhmən Lətif oğlu, Mustafazaə Orxan, Səadət, Əliyev Nazim, Əliyev Bəxşeyş, Hüseyn, Mamed, Kamil, Bayram, Arzu və başqa qəsəbə sakinləri mavi yanacağın verilmədiyi səbəbilə narazılıqlarını bildrirlər. Çünki dekabr ayının 21-nə kimi az miqdarda da olsa qaz verilirdi. Belə ki, gecə saat 12-dən səhər 7-yə qədər zəif qaz yanırdı. Lakin həmin tarixdən sonra tamamilə kəsiblər. Bununla bağlı qaz idarəsinə 50 nəfərdən çox qəsəbə sakini şikayətə getdik. Hətta yolu da bağlamaq istədik. Lakin polis əməkdaşları və qaz idarəsinin işçiləri gəlib qoymadılar. Bu hadisədən sonra iki gün qazı verdilər. Daha sonra yenə də problem yarandı. Hər gecə 2 saat qaz verilir.

Məsələ ilə bağlı "Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Unikal.org-a deyib ki, hazırda sözügedən küçədə araşdırma aparılacaq və nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək.