Bakı sakini 8 baş ceyranı könüllü şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verib.

Unikal.org-un APA TV-yə xəbərinə görə, fevralın 1-də Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq nazirliyə təhvil vermək istəməsi barədə məlumat daxil olub.

Hər iki nazirliyin əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb. Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda volyerdə saxlanılıb. Qoruqda onlar 3 gün adaptasiya dövrü keçib, həkim müayinəsinə cəlb edilib. Ceyranların prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.

Bu gün Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması üçün həmin əraziyə yola salınıb.

Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T. Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 3 aylıq 2 baş ceyran balasına həyətyanı sahəsində qulluq edib, 8 il ərzində təbii yolla çoxalmasına nail olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda, onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.