2016-cı ildə Azərbaycanda nəticəsi şübhəli olan 3 idman yarışı qeydə alınıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, bu barədə Avropa İdman Təhlükəsizliyi Assosiasiyasının (ESSA) hazırladığı illik hesabatda bildirilir.

Sənəddə göstərilir ki, hər 3 şübhəli qarşılaşma tennis oyunlarında baş verib. Lakin həmin görüşlərin hansı turnirdə və tennisçilər arasında keçirildiyi açıqlanmır.

Yunanıstanda 11 (futbolda 5, voleybolda 4, tennisdə 2), Rusiyada 9 (tennisdə 7, futbolda 2), İspaniya (tennisdə 5, futbolda 2) və İtaliyada (tennisdə 6, futbolda 1) hərəyə 7 şübhəli oyun müəyyənləşdirilib.
Ümumilikdə ESSA ötən il 130 şübhəli pul qoyuluşu halı qeydə alıb. Bunlardan 103-ü tennis, 16-sı futbol, 4-ü voleybol, hərəyə 2-si stolüstü tennis və çimərlik voleybolu, hərəyə 1-i snuker, basketbol və həndbola edilib. Bu qurum 2005-ci ildə pul qoyuluşu bazarını monitorinq etmək, eləcə də danışılmış oyunlar barədə idman orqanlarını və milli tənzimləyiciləri məlumatlandırmaq məqsədilə yaradılıb. Assosiasiya informasiyaları nəhəng lisenziyalaşdırılmış bukmeyker kontorlarından alır, FİFA, Beynəlxalq Olimpiya Komitəsi və digər aparıcı idman təşkilatları ilə əməkdaşlıq edir.