Bu gün Türkiyənin məşhur Medipol Mega Universitet Xəstəxanasının rektoru Sabahattin Aydın, professor Dr. Gazi Yiğitbaş və Uygar Üstün ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı olub. 

Unikal.org-a verilən məlumata görə, səfərin əsas məqsədi Xəstəxanın Universitet Klinikası olaraq istər sağlıqda, istər elm-tədrisdə birgə iş birliyi qurmaq, elm, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda müştərək elmi layihələrin hazırlanması, elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkili, tələbə, rezident və magistr mübadiləsi, həkim və müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi görüşün müzakirə çövzusu olub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov və klinikanın baş həkimi dosent Dr. Asiman Həsənov Ankarada baş vermiş terror aktı nəticəsində həyatını itirənlərlə bağlı qonaqlara dərin hüznlə başsağlığı, xəsarət alanlara isə Allahdan şəfa diləyib. 
Daha sonra klinikanın baş həkimi dosent Dr. Asiman Həsənov Tədris Cərrahiyyə Klinikasının Universitet Xəstəxanası olaraq məqsəd və hədəfləri, istər sağlıq, istər elm-tədris istiqamətindəki fəaliyyəti haqqında, son əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar barədə qonaqlara geniş məlumat verib. 
Görüşdə Medipol Mega Universitetinin rektoru Sabahattin Aydın bildirib ki, Medipol Universitet Xəstəxanası kimi fəaliyyət göstərir və tibbin bütün sahələrini əhatə edir. Eyni zamanda ingilis və türk dilində iki tibb fakültəsi, mühəndislik, hüquq, menecment, dizayn və memarlıq kimi fakültələri mövcuddur. Özəl olaraq fəaliyyət göstərən Medipol Mega Universitet Xəstəxanasında türk tələbələr təqaüdlə, xarici tələbələr isə ödəniş etməklə oxuyurlar. Sabahattin Aydın bildirdi ki, onların məqsədi həm universitet, həm də xəstəxana olaraq belə bir yüksək səviyyədə inkişaf etməkdə olan klinika ilə qarşılıqlı bilik və təcrübə mübadiləsi həyata keçirməkdən ibarətdir. "Bütün cərrahi sahələrdə qarşılıqlı məlumat versək, birlikdə çalışsaq, bizim üçün də daha yaxşı olardı". Görüşün davamında professor Nuru Bayramov öz istəklərini də qonaqlara bildirib: "Bizim amalımız müalicə, klinik işləri, təhsil və elmi araşdırmalarda bir-birimizə dəstək olmaqdır. Bu gün Azərbaycanda tibb sahəsi yüksək inkişaf edib. Bəzi məsələlərdə hətta Rusiyadan da irəlidəyik. Bunun da təməlində Türkiyənin dəstəyi durur. Türkiyədə təhsil aldıq və öyrəndiklərimizi burada tətbiq etdik. Bundan sonra bərabərləşmə dövrü olacaq. Azərbaycanla Türkiyə arasında prinsipial fərq qalmayacaq. Ümid edirik ki, növbəti zamanlarda birgə işlərimiz çox olacaq." Görüşdə klinikanın direktoru, professor Nuru Bayramov və baş həkim dosent Dr Asiman Həsənov qonaqlarla birgə gələcək işlərin qurulması ilə bağlı planlı şəkildə müzakirələr apardı. Sonda həmçinin qonaqlar xalqımıza xas olan Novruz bayramının adət-ənənələri haqqında ətraflı məlumatlandırıldı. Qonaqlar bildirdilər ki, Türkiyədə demək olar ki, Novruz bayramı dövlət səviyyəsində qeyd olunmur. Ancaq burada bayramın yüksək səviyyədə qeyd olunması, adət-ənənələrin qorunub-saxlanılması onlar tərəfindən maraq və alqışla qarşılanıb. Daha sonra Medipol Klinikası adından Sabahattin Aydın öz hədiyyələrini təqdim edərək, birgə xatirə şəkilləri çəkilib.