Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən  Unikal.org-a verilən məlumata görə, 2016-cı ildə respublikada 68 partlayış hadisəsi qeydə alınıb. Bu da 2015-ci il ilə müqayisədə 6 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 12 nəfər ölüb, 88 nəfər xəsarət alıb.

Ötən il baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 11853 çıxış edilib. Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 146 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 16%, xəsarət alanlar üzrə 24 nəfər və ya 14% azdır.

2016-cı ildə respublika ərazisində 12110 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1568 hadisə və ya 11% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər ölüb, 239 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 71 nəfər xilas edilib, 1992 nəfər təxliyə olunub.