Şimal rayonlarına qar yağıb. Unikal.org anspress-ə istinadən xəbər verir ki, qar ən çox Qubada müşahidə olunub.

Baharın ilk günlərində günəşli havanı soyuq hava əvəz edib. Azərbaycana bahar gəsə də ölkənin şimalında qış heç cür təslim olmaq istəmir, yerini bahara vermək istəmir.

Bu gecə şimal rayonlarına - Quba və Qusara xeyli qar yağıb. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 40 sm-dən çoxdur. Bu, ərazi hidrometerolgiya müəssisəsinin məlumatıdır. Amma Quba-Xınalıq yolunun 36-cı km-də qarın hündürlüyü 50 sm-ə çatır.

Çəkiliş zamanı qarın ən çox yağdığı Xınalıq istiqamətində yolların buzlu və qarlı olması,  Qubadakı 6 saylı yol-istismar idarəsinin işçilərinin səfərbər edilməsi diqqətdən yayınmayıb.  Yol həm əllə, həm də texnika ilə təmizlənirdi. 

Yol sahəsinin rəisi Bilal Sultanov deyib: "Gördüyünüz kimi, yaz ayı olmasına baxmayaraq, hal-hazırda Quba-Xınalıq-İspik yolunda asphalt-betonun üzərində 30-50 sm qar var. Deməli, biz gücləndirilmiş rejimə keçməyimizlə əlaqədar hal-hazırda Xınalıq istıqamətinə yolu təmizləməklə məşğuluq".

Quba ərazi hidrometerolgiya müəssisəsinin məlumatına görə, gecə saatlarında Xınalıqda 15 dərəcə şaxta qeydə alınıb. Hazırda qar yağmasa da, havanın temperaturu  hələ də aşağıdır.