"Səfirlərə şikayət edən partiya sədrlərinə demişəm ki, kimə şikayət edirsiniz, dədənizəmi?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Unikal.org-a müsahibə verib. Partiya sədri müsahibəsində Oqtay Əsədovla aralarında olan mübashisədən, Ziya Məmmədovla qohumluq əlaqələrindən, ölkədəki məmur özbaşınalığı ilə bağlı olduqca maraqlı məsələlərə toxunub.

S.Rüstəmxanlı ilə müsahibəni təqdim edirik:

-Sabir bəy, gündəlik olaraq ən çox nəyə zaman ayırırsınız? İstirahətə, yoxsa yaradıcılığa?

-Yazıçı üçün istirahət onun ölmündən sonra başlayır. Əksinə, yaş artdıqca, ömrün qədəri bilinməyən limiti azaldıqca, insan daha çox işləməyə can atır. Çalışır ki, günün daha çox hissəsini yaradıcılığına həsr etsin. Bu mənada, əvvəlki güclə, rejimlə işləməyin mümkün olduğunu desəm, yalan olar. Günümün çox hissəsi yaradıcılıq işlərinə həsr olunur. Sevinirəm ki, bütün bunlar səmərəsiz deyil. İşlərin son illərdə müəyyən bəhrələri, nəticələri olub. Ardıcıl olaraq bir neçə kitabım çapdan çıxdı.
Bundan başqa, sosial şəbəkələrdə fikirlərimi paylaşıram. Bu səhər Rusiyada yaşayan Rafael Hüseynov adlı jurnalistin "Moskvadan baxarkən adlı kitabı ilə bağlı fikirlərimi yazdım. Kitabı gözdən keçirdim və baxdım ki, Moskvadan bütün dünyanı görür, ancaq özü qarabağlı olmasına baxmayaraq Qarabağı görmür. Onun birtərəfli münasibəti, ruspərəst mövqeyi mənə ağır gəldiyindən "Moskvada baxanda özünü də gör adlı məqalə yazdım. Nəşr olunmamış bir sıra əsərlərim var ki, onların çapına da vaxt ayırmalıyam.

-Siyasi fəaliyyətinizə kifayət qədər zaman ayıra bilirsinizmi?

-Təbiətim etibarı ilə gəncliyimdən hər zaman ictimai-siyasi hadisələrin mərkəzində olmuşam. Yazılarımda vətəndaşlıq problemləri həmişə öndə dayanıb. Bu gün də həmin xətt davam edir. Vətəndaş həmrəyliyi ideyası da Azərbaycanın 1992-ci ildəki durumundan doğulmuşdur. Qarşıdurmalar, Azərbaycanı vətəndaş müharibəsinə çəkmək cəhdləri, müstəqilliyin başının üzərini almış qara buludlar, bütün bunların hamısı məni məcbur etdi ki, vətəndaş həmrəyliyi ideyası ilə bir partiya yaradım. Bu, Azərbaycanda milli birliyi təbliğ edən siyasi partiyadır. Əslində, bu, mənim yolumdur. Ölkəmizi qorumaq istəyiriksə, millətimizin gələciyini düşünürüksə, başqa yola sapmaq olmaz. Burada qarşıdurma yaratmaq, etnik göreşənliklə məşğul olmaq olmaz. Azərbaycan çoxdan burada yaşayan xalqların məmləkətinə çevrilib. Burada bir vahid mədəniyyət formalaşıb. Bu mənada mən multikulturalizmə ehtiyatla yanaşıram. Mən azərbaycançıyam, türkçüyəm. Diqqətlə baxsanız, Azərbaycanda vahid bir mədəniyətin olduğunu görərsiniz. Gedin, ləzginin, avarın, kürdün və ya başqasının evində məişəti, şəraiti ilə tanış olun. Hamısı eyni mədəni mühitdə yaşayır, eyni dəyərləri paylaşır. Bütün yaşam tərzləri bənzərdir.



-Yəni, Siz multikulturalizmin əleyhinəsiniz?

-Mən dünya miqyasında onu qəbul edirəm. Ancaq Azərbaycan miqyasında multikulturalizmə ehtiyatla yanaşmağın tərəfdarıyam. Bu, vahid Azərbaycan mədəniyyətini ayrı-ayrı etniklərin mədəniyyətinə parçalamağa xidmət etməli deyil. İndiyə qədər Azərbaycan mədəniyyətinin içərisində hər kəs öz varlığını qoruyub. Xüsusən, xaricdən dəstəklənən, mədəniyyətlər və dinlərarasında dialoqlar və başqa ad altında ölkəyə gələn demokratiya kimi məsələlərə ehtiyatla yanaşmalıyıq. Bu, mənim şəxsi fikrimdir və ölkədə gedən ümumi siyasətə qarşı çıxmaq demək deyil. Mənim üçün Heydər Əliyevin azərbaycançılıq ideyası bu mənada daha gələcəyə yönəlik bir baxış olaraq dəyərlidir. Eyni zamanda, ona da Məmməd Əmin Rəsulzadənin düşüncəsi ilə yanaşıram. O, deyirdi: "Azərbaycançılıqla türkçülük arasında heç bir fərq görmürəm.

-Hansı səbəbdən son seçkilərdə deputatlığa namizədliyinizi vermədiniz?

-Əvvəla, 25 il böyük zamandır. Milli Məclisin rəhbərliyi ilə son iclaslarda çox ciddi fikir ayrığımız, mübahisələrimiz oldu. Mən hiss etdim ki, bu cür şəraitdə orada qalmaq olmaz. Bizim Oqtay Əsədovla mənim Gəncədə Məmməd Əmin Rəsulzadənin başına çuval keçirilməsi ilə bağlı səsləndirdiyim fikirlərdən sonra mübahizəmiz oldu. Mən deyidm ki, bu hal parlamentin başına çuval keçirməkdir. Çünki, bu parlamenti, dövləti quranlardan biri M.Ə.Rəsulzadədir. İcra başçısı və hər kəs bunun məsuliyyətini dərk etməlidir. 4 il idi onun büstünün başına çuval keçirilmişdi. Nəinki, Rəsulzadənin, daha kiçik siyasi və mədəni fiqura qarşı belə münasibət yolverilməzdir. Milli Məclisin sədri deməli idi ki, bu məsələ ilə məşğul olacaqlar. Amma bunun əvəzinə mənə "Sən hər dəfə burada qan qaraladan bir mübahisə yaradırsan-deyə etiraz elədi. Mən bəzən 4-5 iclas heç danışmırdım. Sonra bizim sərt mübahisəmiz oldu. Haqlı olduğum halda mənə bг cür münasibət göstərilməsi o deməkdir ki, biz məclis rəhbərliyi ilə bir mühitdə qala bilmərik. Hesab etdim ki, orada qalmaq mənim ziyanımadır. Axı,üzümə bu cür yalanı, ittihamı necə demək olar?
Digər tərəfdən, yoldaşımın da arzusu idi ki, Sumqayıtdan deputatlığa nazmizədliyini versin. O, da ölkənin ictimai-siyasi həyatında rolu olan xanımdır. Fikirləşdim, növbəti 5 ili o deputat olar. Ona görə, mən geri çəkildim. Ancaq, Tənzilə xanımın da keçməsinə imkan verilmədi. Sumqayıt camaatının çoxunu mən tanıyıram. Orada özümün və yoldaşımın kifayət qədər qohumları var. Heç xəbərimiz olmadan imza da toplanmışdı. İmzalarını belə qəbul etmədilər. MSK nümayəndəsi gülünc şəkildə dedi ki, camaat elə bilib Tünzalə Ağayeva üçün imza yığılır. Bu nə məsuliyyətiz danışıqdır? Mən millətimizin məmurlarını bu səviyyədə görmək istəmirəm. Bu səviyyədə məmuru Azərbaycana yaraşdırmıram.

-Gənc deputatların fəaliyyətini necə qiymətləndirirsiniz?

-Milli Məclisi elə də ardıcıllıqla izləmirəm. Əvvəlki təcrübədən bilirəm ki, Milli Məclisin iclasları son dərəcə xəsisliklə kəsilərək qayçılanır və televiziyaya verilir. Ona görə də hansı proseslərin getdiyini teleqramlara əsasən demək olar. Elə deputatlar var ki,tanımıram. Mən cəmiyyəti, fəal insanları kifayət qədər tanıyan, fəaliyyətlərindən xəbərdar olan insanam. Əgər mən həmin insanları tanımıramsa, cəmiyyət onları haradan tanıyacaq? Milli Məclisdə təsadüfi adamlar var. Bura özü də bir məktəbdir. Ora şagird kimi deyil, yetişib gəlmək lazımdır. Amma təəssüf ki, çoxu kəsilib gedir. Parlamentdə hər dəfə bir komik obraz olur və bütün məclis ona gülür. Misalçün, Araz Əlizadə. Cəmiyyət bildirdi ki, onun əsli-nəsli kimdir. Bütün vücudu və danışıqları hər zaman türk düşmənçiliyinə xidmət edib. Bu adamın millətə sayqısı yoxdur. Bilmirsən başı Moskvanın yoxsa Tehranın qoltuğundadır. Bunların başı ümumiyyətlə, qoltuqdan çıxmır. Əvvəlcədən onun kimliyi bəlli idi. Ancaq görünür, maraqlı olan adamlar var ki, bu cür şəxsiyyətsizlər, anti-milli qüvvələr də Milli Məclisdə olsun. Sonuncu parlament iclaslarını izlədim və gördüm ki, çıxış edənlər elə mənim köhnə yoldaşlarımdır.Arzu edirəm ki, cavanlar yetişsin.

-Deputat yoldaşlarla görüşürsünüzmü?

-Şübhəsiz. Bizim partiyadan iki nəfər millət vəkili, Fəzail İbrahimli və Rafael Hüseynov parlamentdə təsil olunurlar. Tez-tez görüşürük, söhbətləşirik. İsa Həbibbəyli ilə aspirantlıq illərindən dostuq və bu dostluq hələ də davam edir. İllər uzunu mübarizədə bir yerdə olduğum, yoldaşlar var. Tədbirlərdə biz onları, onlar da bizi dəvət edirlər.

-Deputatlıq fəaliyyətindən sonra sizi itirib axtaranların sayı artdı, yoxsa azaldı?

-Əksinə, onların sayında artma var. Təkcə deputat seçildyim rayondan yox, başqalarından da müxtəlif problemlərlə bağlı mənə müraciət edənlər var. Bəziləri millət vəkillərindən giley- güzar edirlər. Problemləri əlim çatan yerlərlə bağlıdırsa, imkan daxilində kömək etməyə çalışıram. Mən enmələri və qalxmaları çox görmüşəm. Nazir də olmuşam, özüm istefa vermişəm.
21 yaşımdam "Ədəbiyyat qəzetində işləmişəm. Kəskin yazılarıma görə işdən də çıxarılmışam. Əsgərlikdən sonra işə qəbulda problemlər yaratmağa cəhdlər olub. Hazırda əyləşdiyim bu masadan başqa evdə də iş masam var. Evdəki masam məni daha çox özünə çəkir. Onun arxasında mən həm nazirəm, həm də baş nazir. Küçədə, bazarda, xalq arasında millət vəkili olan zamandan daha çox sayğı görürəm. Bunu bəzən açıq deyirlər ki, mənə millət vəkili oldğuma görə, yox, şəxsimə hörmət edirlər. Bu xoşbəxtlik bir tale qismətidir.

-Seçildiyiniz dairə üzrə seçicilərin, digər vətəndaşların problemlərini hər zaman mətbuatda və parlamentdə qabartmısınız. Ancaq son dövrlər seçicilərin problemlərinin qabardıldığının şahidi olmuruq. Problemlər azalıb, yoxsa problemi qaldıranlar yoxdur?

-Problemlər hər zaman var. Ancaq iş üsulları fərqlidir. Mənim əvvəl deputat olduğum dairədən hazırda Musa Qasımlı seçilib. O, bir elm adamıdır, ciddi elmi nəticələri olan tarixçidir. Mən onun elmi fəaliyətinə yüksək qiymət verirəm. Zəhmətkeş insandır. Arxivlərlə işləyən alimdir. Bu, bəzən ardıcıl olaraq rayona gedib-gəlməyə, seçicilərlə intensiv görüşməyə mane olur. Onun iş qrafikini bilmirəm. Masallı-Yardımlı caaatı bir çox hallarda yenə mənə müraciət edirlər. Demirəm ki, gedin, probleminizi öz deputatınıza bildirin. İş görüləcəksə, mənim və ya Musa Qasımlının adı ilə olsun önəmli deyil. Önəmli olan o işin görülməsidir. Mən deputat olduğum dövrdə Prezidentin qayğısı ilə Yardımlının mərkəzindən Savalanla üz-üzə dağların arasından İran sərhəddinə yaxın yol çəkildi. Sabah İranla ortaq əlaqələr qurulsa, bu yol çox mühüm əhəmiyyət daşıyacaq və Yardımlının yüksək inkişafına şərait yaradacaq. Mənim xahişimlə prezident doğulduğum və onun ətafında 8 kəndə yol çəkilməsi ilə bağlı göstəriş verdi. İllər uzunu camaat zülm çəkirdi. Bu hadisə mənim deputatlıq fəaliyyətimin nidası oldu. Fəaliyyətim dövründə 15-ə yaxın dağ kəndinə daimi mənbəyi olan təmiz su çəkildi. Camaatın orada necə əziyyət çəkdiyini mən bilirdim. Buna görə, hər zaman qürur hissi keçirirəm. Güman edirəm Musa Qasımlı da bu yolu davam etdirəcək. Dəyərli bir kitab yazmaq da öz oxcularına, seçicilərinə xidmət etməkdir.

-Cəmiyyətdə belə bir fikir var ki, sabiq nazirlə qohumluğu Sabir Rüstəmxanlının müxalif mövqeyini loyallaşdırıb. Bu barədə nə deyə bilərsini?

-Mən Vətəndaş Həmrəyliyi Partiyasının sədriyəm. Bu milli birlik xəttidir. Mənim daha radikal olduğum vaxtlar olub. Nazir olduğum zamanlarda iqtidar qəzetləri yazırdılar ki, ehtiyatlı olun, kabinetdə müxalifət var. Orada da çox sərt çıxışlar edirdim. Nazirlə qohum olmağımın mənim ümumi siyasi xəttimə heç bir təsiri yoxdur. 1990-95-ci ildə Azərbaycanın çətin vaxtlarında nazir olmuşam. Nazirlə qohum olmaq mənim üçün göydəndüşmə deyil. Digər tərəfdən, nazirin özü ilə yox, kənddə yaşayan qardaşı ilə qudayam. Mənim mövqeyim dəyişilməzdir və Azəraycanın problemlərinə köklənmiş bir xətt tuturam. Müxalifətin müəyyən qruplarında olmuşam, bəzilərinin də təşəbbüskarı idim.
Bəzən həmkarlarımın xarici ölkə səfirləri ilə görüşündə açıq danışmışam. Onların bəziləri həmin yolu bu gün də davam etdirirlər. Demişəm ki, kimə şikayət edirsiniz, dədənizəmi? Bu adam xarici ölkənin Azərbaycada səfiridir. Onların hansı missiya və vəzifə daşıdığını biz çox gözəl bilirik. O, sənin əmin oğlu deyil və Azərbaycanın çox da çiçəklənməsi onları maraqlandırmır. Gərək , həmin səfirlərin əksəriyyətinin dünya siyasətinin hansı qanadına aid olduğunu dərk edib anlaya biləsən. Hansı ki, həmin siyasət türk və müsəlman dünyasına qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Hər zaman aşırı radikallıqdan qaçmışam. Radikallığın hərfi mənası nəyisə kökündən qoparıb atmaqdır. Mən nəyi kökündən qoparıb atmaq istəyirəm? Müstəqilliyinə imza atdığım dövlətimi? Düzdür, o inqilab yolu ilə qurulub. Ancaq bu gün inqilab və vətəndaş müharibəsinin tərəfdarı deyiləm, heç vaxt da olmayacağam. Biz müharibə şəraitindəyik. İstənilən yanlış addım bizim vəziyyətimizi daha da ağırlaşdıra bilər. Dözümlə səbrlə, səhvləri deyə-deyə, bəzən yardım edə-edə irəli getmək lazımdır. Problemlərimizin həllini düşünməliyik.
Ayrı-ayrı üslüblar var. Mənim və radikal müxalifətin yazısını yanaşı qoysunlar. Deyilməli məsələləri mən də deyirəm, özü də əsaslı şəkildə. Amma, mən söymürəm. Məqsəd odur ki, ölkə müəyyən neqativlərdən xilas olsun.

-Vətəndaşların problemləri ilə bu gün də nazirlərə və komitə sədrlərinə müraciət edirsinizmi və sözünüzü eşidirlərmi?

-Hakimiyyətdə olan adamlardan kimə hansı məsələ ilə bağlı müraciət etmişəmsə, normal qaşılayıblar. Güneydən olan tələbələrin problemlərini qaldırıram, nazirliyə, Dövlət Miqrasiya Xidmətinə müraciət edirəm. Böyük əksəriyyəti çox hallarda məsələyə anlayışlı yanaşaraq, mümkün qədər kömək etməyə çalışırlar.

-Partiyanızı Milli Məclisdə təmsil edən Fəzail İbrahimli nazirlərin, komitə sədrlərinin dövlət telefonlarına cavab verməməsindən gileylənmişdi....

-Bu ümumi bəladır. Nazirliklər arasında fərq var. Misalçün, Daxili İşlər Nazirliyinə zəng edərsən, 15 dəq sonra özləri səni axtararlar. Vəzifəsi aşağı olan, il boyu axtardığı və tapa bilmədiyin kiçik məmurlar olur. İcra başçıları var ki, guya onlar binalarda oturmurlar. Amma yalandır. Görünür, vəzifə balaca olanda iddi daha böyük olur. Bu məsələdən mən də Milli Məclisdə gileylənmişəm. O vaxt təklif etdim ki, nazirlərə verilən dövlət telefonları alınsın. Çünki hərəsinin 4-5 mobil telefonu var. Dövlət telefonlarına da cavab vermirlər. Sonradan bu məsələ həllini tapdı.

Söhbətləşdi: Həsən Babayev