Bu gün qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarına start verilib. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, uzun fasilədən sonra  gərgin mübarizə vəd edən yarış 8 komandanın iştirakı ilə təşkil olunacaq.

Belə ki, "Azəryol, "Nur, "Gənclərbirliyi və "Qarabağ qadınların mübarizəsində çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə "Təhsil, "Məhsul, RİOEUGİM və "Nəsimi gücünü yoxlayacaq.

Bu gün XXIV Azərbaycan çempionatının rəsmi açılışı olub. Oyunlardan əvvəl çempionatın açılış mərasimi baş tutub. Mərasimi giriş sözü ilə Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov açıb. O bildirib ki, federasiyada olan dəyişiklik bu idmanın inkişafına təkan verəcək.

Daha sonra Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə söz alıb. O, bu günün Azərbaycan həndbolu üçün əlamətdar gün olduğunu vurğulayıb. Hüseynzadə bildirib ki, federasiyadakı dəyişiklik Azərbaycan çempionatını yenidən maraqlı edib və idmanın bu növünün inkişafına təkan verəcək. Hüseynzadə kişi və qadınlardan ibarət həndbol yığmamızı qarşıda İslam Həmrəyliyi Oyunlarının gözlədiyini bildirib və komandalarımızın orda uğurlu çıxışına inam ifadə edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov həndbolun maraqla izlənildiyini qeyd edib və dəyişiklikdən sonra federasiyanın uğurlu yol seçdiyini açıqlayıb.

Sonda Saleh Məmmədov çempionatı açıq elan edib.

Qeyd edək ki, dairəvi sistemlə keçiriləcək çempionatlar fevralın 19-da başa çatacaq.