Türkiyə Superliqasında XXI turun oyunlarına start verilib.

Unikal.org xəbər verir ki, turun açılış oyunu Kayseridə keçirilib. Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Kayserispor"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bursaspor" məğlubiyyətində əsas səbəbkar məhz millimizin oyunçusu olub. Belə ki, Dəniz 19-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bundan sonra "Kayserispor" oyunda təzyiqi artırıb və qələbə qollarını vurmağı bacarıb.

Oyundan sonra "Bursaspor"un baş məşqçisi Mutlu Topçu milli üzvümüzün aldığı qırmızı vərəqə haqda danışıb:

"Ötən həftə "Fənərbaxça" ilə oyunda olduğu kimi, bu gün də azlıqda oynadıq. Təbii ki, azlıqda qalmaq asan deyil. Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Bizim edəcəyimiz çox iş var. "Bursaspor"un forması çox dəyərlidir. Özümüzü toparlamalıyıq. Mən daxil olmaqla, hər kəs bu formanın dəyərini bilməlidir. Əlbəttə, keçən həftə aldığımız qırmızı vərəqə düzgün deyildi. Ancaq Dənizin bu gün etdiyi hərəkət düzgün deyildi, həqiqətən qırmızı vərəqəlik epizod idi. "Kayserispor"un ikinci qolunun qırmızı vərəqə olduğu deyilsə də, biz ona yox, öz oyunumuza baxmalıyıq".