"Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilirsə, təbii ki, hansısa xoşagəlməz hal ola bilər". 

Unikal.org Report-a istinadən xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov deyib.

O, diqqətə çatdırıb ki, hər şeyin ideal olması mümkün deyil: "Mərkəzimizin 1919 əməkdaşı var və iş prosesində gərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə işimizin xatirinə bunların hamısını uduruq.

Eyni zamanda, burada ehtiyac olmadığı təqdirdə hansısa xəstəyə əməliyyat təklif edilməsinə rast gəlməmişəm. Düzdür, hər bir xəstə əməliyyat olunmamasını istəyər. Çünki əməliyyat ağır bir sınaqdır. Əməliyyat həkimdən asılı olan və olmayan fəsadlarla nəticələnə bilir. Ona görə də riskli işdir. Əməliyyat yalnız xəstəliyin aradan qaldırılması üçün başqa mümkün çıxış yolu qalmadıqda icra olunur. Bu səbəbdən deyilənlər sadəcə boş sözlərdir.

Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik".