Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Hadisə ilə bağlı hərbi ekspert Üzeyr Cəfərov unikal.org-a münasibət bildirib. O qeyd edib ki, cəbhə bölgəsində baş verənlər gözlənilən idi:

"Son günlər təmas xəttində ermənilər xeyli aktivləşmiş və onların istifadə etdikləri silah-sursat da kifayət qədər ciddi idi. Onlar minamiyot və ağır artilleriyadan istifadə edirdilər. Dünən düşmən cəbhə xəttində əlverişli mövqey sayılan Xocavənd, Füzuli istiqamətində hücuma keçiblər. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib. Buna baxmayaraq düşmən ağır artilleriya silahından istifadə etməsi itki verməyimizlə nəticələnib. Yəqin ki, yaxın saatlarda Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirəcək. Amma fakt faktlığında qalır ki, artıq düşmən açıq təxribata keçib. Narahatçılıq üçün əsas yoxdur. Silahlı Qüvvələrimiz vəziyyətə nəzarət edir və amma yenədə son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır".

Hərbi ekspert hesab edir ki, ermənistanın bu təxribatçı hərəkəti cavabsız qalmayacaq: 

"Ola bilər ki, Azərbaycan rəhbərliyinin qərarı ilə aprel döyüşlərində olduğu kimi, onların təxribatlarına qarşı amansız tədbirlər həyata keçirilsin. Düzdü ön xəttə düşmən xeyli sayda ağır silahlar cəmləyib. İtkilərimizin çox olması qaçılmazdır. Əgər düşmənin hərəkəti layiqincə cavablandırılacaqsa istər-istəməz açıq döyüş olacaq. Belə döyüşlərdə də itkilərin sayı hər zaman çox olur".

Amid Əyyuboğlu