Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri kitablarının təqdimatı keçirilir.

Unikal.org xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, bu gün Azərbaycan xalqının dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilir. İyirmi beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu soyqırımı tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. O qeyd edib ki, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı haqqında məqalələr, kitablar yazsaq da, ən müxtəlif aksiyalar təşkil etsək də yenə də azdır.

Vurğulanıb ki, bu gün təqdimatına toplaşdığımız "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri adlı kitablar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. Hər iki nəşrdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri təhlil olunub.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov kitablar haqqında geniş məlumat verərək bildirib ki, yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır. Qeyd edilib ki, kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

"Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib. Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

Elçin Əhmədov deyib ki, "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur. Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb. Monoqrafiyaları xarici dillərə AZƏRTAC-ın əməkdaşları tərcümə ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Musa Qasımlı, Çingiz Qənizadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, "525-ci qəzetin baş redaktoru Rəşad Məcid və başqaları kitabların tarixi əhəmiyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına verəcəyi töhfədən danışıblar. Bildirilib ki, bu kitabların hər bir səhifəsi gələcək tədqiqatçıların istifadə etməsi üçün dəyərli mənbələrdən biridir. Müəllif bununla gələcək tədqiqatçıların araşdırma aparması üçün onlara yeni istiqamətlər verib. Əminliklə vurğulanıb ki, hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün qiymətli mənbədir.

Sonda Əli Həsənov çıxış edərək hamıya öz təşəkkürünü bildirib: "Bu kitablar Azərbaycan prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı imzaladığı fərmana müvafiq olaraq çap olunub. Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu, bir məqalədir. Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb. Kitabların ərsəyə gəlməsində buraxılışa məsul, AzərTAC-ın baş direktoru Aslan Aslanova və AzərTAC-ın kollektivinə, kitabların elmi redaktoru Elçin Əhmədova, vətəndaşlıq missiyası ilə tərcümə işini həyata keçirən Azad Akifoğluna təşəkkürümü bildirirəm. Biz Sasanilər, Əhəmənilər, Rusiya, Osmanlı, Monqol-tatarların əsarəti altında olmuşuq. Həmin dövrlərin xəritələri toplanaraq tərcümə olunub. Kitablar 8 dildə çap olunub. Dünyadakı 7 milyard əhalinin əksəriyyəti bu 8 dildən birini bilir. Kitablar elektron şəkildə buraxılacaq. Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik.
Fürsətdən istifadə edib Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət kampaniyası çərçivəsində xarici ölkələrin Xocalı soyqırımını tanıyan bəyanatları, qətnamələri kitablarda əksini tapıb. Kitablar əsasında hazır mənbəşünaslıq bazası yaradılıb. Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Qeyd edək ki, hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov və elmi redaktoru siyasi elmlər doktoru Elçin Əhmədovdur.