Bahar Muradova: “Burada qeyri-adi heç nə yoxdur...”
Bahar Muradova: “Burada qeyri-adi heç nə yoxdur...”

“Yerli icra hakimiyyəti orqanlarını heç zaman ləğv etməyəcəyik”

“Ərazi quruluşu ilə bağlı mövcud qanuna edilən dəyişikliklərin əhalini guya sıxışdırmaq məqsədi güdməsi haqda fikirləri eşidəndə elə bilirsən ki, haradasa maraqlı bir kitab oxuyursan və yaxud da ki, məqsədli şəkildə insanlara əzab-əziyyət vermək istəyən hansısa bir qrup haqqında danışırsan”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bunu parlamentin yaz sessiyasının sonlarında müzakirəyə çıxarılan və qəbul edilən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi ilə bağlı səslənən bəzi tənqidi fikirlərə münasibətini bildirərkən söyləyib.
Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, bu fikirlər qətiyyən, normal məntiqə və ağıla sığmır. Onun sözlərinə görə, istənilən qanunla bağlı təkliflər vermək, o cümlədən, demokratik yerli özünüidarəetmə orqanı olan bələdiyyənin inkişafı, bu institutun daha da möhkəmlənməsi üçün yeni təkliflərlə çıxış etmək olar və bu, mümkündür: “Yerli idarəetmə orqanlarının səlahiyyətlərinin daha çevik, daha rahat, daha asan keçirilməsi ilə bağlı fikirlər səsləndirmək olar. Amma bundan digər bir hakimiyyət orqanına qarşı və yaxud, əksinə istifadə hallarına yol vermək olmaz, yol verilməməlidir. Çünki belə çıxır ki, biz bu iki institutu - icra hakimiyyəti orqanları ilə bələdiyyələri bir-birinə qarşı qoyuruq, birinə digərindən üstünlük verməyə çalışırıq və hesab edirik ki, bununla da hansısa siyasi məqsədlərimizi, hansısa siyasi maraqlarımızı yerinə yetirmiş, belə demək mümkünsə, bir növ müxalifətçilik etmiş oluruq. Şəxsən mən Prezident Administrasiyasının və ya yerli icra hakimiyyətlərinin bu gün səlahiyyətlərini prezidentin sərəncamları, eyni zamanda müvafiq Əsasnamə əsasında çox doğru və düzgün həyata keçirdiyi qənaətindəyəm və hesab edirəm ki, bu institutun özünün təkmilləşdirilməsinə ehtiyac var. Biz heç zaman bunu-icra hakimiyyəti orqanlarını ləğv etməyəcəyik və heç bir zaman da bu qurum yerli özünüidarəetmə - bələdiyyə orqanları ilə əvəz olunmayacaq”.
Bahar Muradova qeyd edib ki, Azərbaycan prezident üsulu ilə idarə olunan dövlət quruluşudur və onun da icra orqanları müvafiq dövlət qurumlarıdır: “Onlar da heç şübhəsiz ki, daimi işlək qurumlar olacaq. Ona görə də bu daimi işlək qurumların işini günün tələbləri səviyyəsinə çatdırmaq lazımdır. Hazırda da bələdiyyə qurumlarına qarşı hansısa addımlar atılmır, əksinə, bu institutun öz fəaliyyətini daha çevik, daha rahat və insanların mənafeyi naminə daha asan həyata keçirməsi yolları aranır. Bu baxımdan hesab edirəm ki, təklif olunan və artıq qəbul edilən təkliflər də çox maraqlıdır, dövrümüzün tələblərinə cavab verən düzəlişlərdir”.
Bu ərazilərin “sahə”, yoxsa “ilçə” və ya “məhəllə” adlanması yönündə səslənən təkliflərə gəlincə, Bahar Muradova hesab edir ki, əslində “sahə” sözü bizim dilimizdə yeni deyil: “Biz onu bir çox yerdə termin kimi istifadə edirik, termin kimi o bizim dilimizə daxil olub. İndi onu Rusiya, rus dili ilə bağlamaq və buna da qarşı Türkiyə variantını - “ilçə” variantını qoymaq özü də Azərbaycan dilini ümumiyyətlə, bir tərəfə qoymaq deməkdir. Əgər hansısa bir sözü də əvəzləmək istəyiriksə, onu gəlin elə öz dilimizdə axtaraq və mən bunun tərəfdarıyam. Lazımdırsa, işin xeyrinədirsə, bunu edək. Amma birindən istifadə edib, yenə digər özümüzdən olmayanı ortaya gətirməyi də düzgün hesab etmirəm. Bununla mən heç də türk dilinə və türk ifadələrinə qarşı fikir səsləndirmirəm, bunlar yerində işlənəndə çox gözəldir. Amma bizim dilimizin özündə indiyə qədər istər hansısa yer-sahə adları, istər hansısa terminlər formalaşıbsa, onlar da yerində işlənəndə çox gözəldir. Yəni burada qeyri-adi heç yoxdur”.