18 Avqust 2019
17 Avqust 2019
Novruz bayramı Ərəb ölkələrində niyə qeyd olunmur? - MÜSAHİBƏ
Novruz bayramı Ərəb ölkələrində niyə qeyd olunmur? - MÜSAHİBƏ MÜSAHİBƏ 11:55 2017-03-06

İlahiyyatçı-alim, Bakı İslam Universitetinin məzunu, AMEA-nın doktorantı, dövrü mətbuatda elmi-dini məqalələri ilə müntəzəm çıxış edən Samid Quliyev "İslam alimlərinin Novruz bayramı haqqında fikirləri" ilə bağlı unikal.org-a maraqlı müsahibə verib.

-Novruz bayramının tarixi haqqında nə deyə bilərsiniz?

-Bismilləhir-rahmənir-rahim. Tarixi qədim olan bayramlardan biri də Novruz bayramıdır. Bu bayram özündə yazın gəlişini, təbiətin oyanmasını, bolluq və bərəkəti ehtiva edir. Novruzun tarixi kökləri bəzi tarixçilərin yazdıqlarına görə, 3000 il əvvələ qədər gedib çıxır. Mənbələrdə bu bayramı Cəmşid və ya Kiyumers adlı padşahla əlaqələndirirlər. İlk dəfə bu bayramın rəsmi surətdə keçirilməsi e.ə 534-cü ildə Kuruş adlı şahın fərmanı ilə gerçəkləşmişdir.

-Bu bayramın Azərbaycan ilə nə əlaqəsi vardır?

-Azərbaycan ərazisində Atropatena, Albaniya kimi dövlətlər olduğu vaxtdan, həmçinin bir neçə əsr Sasani dövlətinin tərkibində olarkən Novruzun geniş vüsət aldığının şahidi oluruq. Orta əsrlərdə bu bayram öz tarixi zənginliyini qoruyaraq inkişaf etmişdir. Bayramın gözəllikləri Xaqani, Nizami, Füzuli və bir neçə dahi mütəfəkkirlərmizin əsərlərində qiymətli mülahizələrlə öz əksini tapmışdır. Klassiklərmizin Novruza verdiyi önəm, bayramın Azərbaycanla da əlaqəli olmasına əsas verir.

Belə ki, ta qədimdən xalqımızın mədəni irsində silinməz izlər buraxmış Novruz bayramı ərəfəsində keçirilən at yarışlarının, atüstü milli oyunların, ox atma, qılıncoynatma mərasimlərinin qurulması, güləş və başqa oyunların keçirilməsi bayram ab-havasına əlavə rəng qatmışdır.

Orta əsr mədəniyyətini etnoqrafik baxımdan araşdıran tədqiqatçı alim Məmməd Dadaşzadə mötəbər mənbələrə istinadən Novruz bayramı haqqında "Dünyanın seyrinə çıxmış Cəmşid şah elə ki, Azərbaycana gəlib çıxdı, taxtda əyləşdi. Əhali şadlanaraq sevindi və həmin gün "Yeni ildir dedilər. fikirlərini bildirmişdir.

1637-ci ildə alman səyyah Adam Oleari Şamaxıda olarkən bayram haqqında fikirlərini bu cür ifadə etmişdir: "Astroloq stolun arxasında tez-tez öz üstürlabıyla günəşi müşahidə edir, saata baxır, günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatdığı anı müşahidə edirdi. Elə ki, gözlənilən dəqiqə çatdı, o, ucadan yeni ilin gəlişini elan etdi.Dərhal yaylım atəşi açıldı. Şəhərin hər yerində təbillər səsləndi. Beləliklə böyük şənlik bayramı başlamışdı.

-Sovetlər dönəmində dini adətlərmizlə yanaşı, milli adətlərimiz də qadağan idi. Bu qadağa Novruzdan da yan keçməmişdir. Bu barədə fikirləriniz maraqlı olar?

Azərbaycanda Sovet hakimiyyəti illərində Novruz bayramına münasibət vaxtaşırı dəyişmişdir. Gah bu bayram keçirilmiş, gah da ona dini don geydirilərək unudulmasına, aradan çıxmasına təzyiq göstərilmişdir. Lakin bu bayram xalqımız tərəfindən unudulmamış, geniş miqyasda olmasa da, keçirilməsinə can atılmışdır.

1988-ci ilin noyabr ayında Novruzun üzərindən qadağa götürülmüş, bu damğanın silinib atılması xalq tərəfindən böyük sevinclə qarşılanmışdır. Bundan əvvəl isə hələ 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramınınkeçirilməsinə Şıxəli Qurbanov müvəffəq olmuşdur. Ş. Qurbanovun bu işi Mərkəzi Komitəni hərəkətə gətirmiş, o vaxt birinci katib Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Ş.Qurbanov Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazmış və sübut etmişdir ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayında Ş.Qurbanovun müəmmalı ölümü bir daha göstərirdi ki, xalqımız bu dönəmdə milli-mənəvi dəyərlərindən uzaqlaşdırılaraq doğma bayramlarını belə qeyd edə bilməmişdir.

-Müstəqil-gənc ölkə sayılan Azərbaycanda Novruz hansı mərhələdən bu gün formalaşdığı səviyyəyə gəlib?

-Müstəqillik illərində hakimiyyətə gəlmiş Azərbaycanın böyük oğlu HeydərƏliyev milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna xidmətlər göstərmişdir. Ulu öndərin uzaqgörənliyi sayəsində bölgələrdə tariximizin qorunması üçün tarix-diyarşünaslıq muzeyləri yaradılmış, Azərbaycan folklorunun dərindən araşdırılması, Novruz bayramının yüksək səviyyədə keçirilməsi, milli mərasimlərin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Artıq bu gün Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunmaqdadır. Hər il Novruz bayramı münasibətiylə ölkə başçısı Azərbaycan xalqını təbrik edir.

-İslamda Novruz və ya İslamın bu bayrama baxışı necədir?

-İslam təlimlərinin yayıldığı bölgələrdə Novruz bayramı ilə yanaşı digər bütün xalqların adət-ənənələrinə hörmətlə yanaşılmış və onların legitimliyi qorunub saxlanılmışdır. Bildiyimiz kimi Novruz ənənələri də özündə bir sıra islamın təbliğ etdiyi əxlaqi dəyərləri tərənnüm edir. Buraya təmizlik işlərinin aparılması, küsülülərin barışması, qohumların ziyarət edilməsi və başqa adətləri daxil etmək olar.

İslam alimlərindən Şeyx Tusi, Şeyx Bəhai, Əllamə Məclisi, Şeyx Abbas Qummi və başqaları öz əsərlərində Novruz bayramının fəzilətindən bəyənilmiş əməllərindən danışmışlar. Ümumilikdə islam alimlərinin Novruz bayramı haqqında fikirləri müxtəlifdir. Bəziləri bu bayramı atəşpərəstlərə aid edərək, bayramın keçirilməsini qadağan etmişdir. Bəzi islam alimləri isə bu bayramın keçirilməsində heç bir günahın olmaması qənaətinə gəlmişlər.

-Bəs yaz ayının gəlişi hiss olunmayan ərəblərdə Novruz bayramı olurmu?

-Ərəb islam dünyasında tanınmayan bayramlardan biri Novruz bayramıdır. Bunun səbəbi dini qadağa yox, həmin ölkələrdə Novruzun özündə cəm etdiyi xüsusiyyətlərin-təbiətin oyanışı, yazın gəlişi kimi halların olmamasıdır.

Mənbələrdə Novruz bayramı haqqında İslam Peyğəmbəriylə yanaşı məsum imamlardan bir sıra hədislər nəql olunmuşdur. Bu hədislərin birində nəql olunur ki, səhabələrdən biri Peyğəmbərin (və ya Həzrəti Əlinin) yanına əlində "faluzəc adlı şirniyyatla daxil olur. Əlindəki şirniyyatdan Peyğəmbərə tərəf uzadaraq götürməyi təklif edir. Peyğəmbər bunun nə məqsədlə olduğunu soruşduqda, səhabə "Novruz hədiyyəsidir deyir. Peyğəmbər Novruzun nə olduğunu soruşur, səhabə isə "Novruz günündə gecə-gündüz bərabərləşər, təbiət oyanar, küsülülər barışar..... deyərək cavab verir. Peyğəmbər gülümsəyir, qarşısındakı şirniyyatdan dadaraq "Kaş hər gün Novruz olaydı deyir.

Digər bir mənbədə isə Novruz haqqında xoş sözləri eşidən Peyğəmbərin "Hər gününüzü Novruz edin dediyi qeyd olunmuşdur.

Başqa mənbədə isə Peyğəmbərin "Novruz mehricanı məcusilərin bayramıdır, bunu iki gün təntənəli surətdə qeyd edirlər. Bizə isə bu iki günün əvəzində Fitr və Qurban günləri verildi. dediyi keçmişdir.

"Vəsailüş-şiə və "Biharül-ənvar kimi məşhur kitablarda İmam Cəfəri Sadiq əleyhissəlamdan belə bir hədis nəql olunmuşdur ki, Müəlla bin Xüneys İmamdan rəvayət edir ki, Novruz günündə Nuhun tufanı sona çatmış, İbrahim əleyhissəlam bütləri sındırmış, Peyğəmbərə ilk vəhyin gəlişi başlanılmış və Qədir-Xüm hadisəsi baş vermişdir.

Bu hədisi analiz edən bir çox alimlər Müəlla bin Xüneys tərəfindən nəql olunan hədisi qəbul etməmiş, ravinin etibarını şübhə altına almışlar. İslam aləmində hər hansı bir hədisin məşhur mənbədə gəlməsi onun səhihliyinə dəlalət etmir. Hədisdə saxtalaşdırılan faktlar, hədisi və onun ravisini şübhə altına alır. Hədisdə qeyd olunan tarixi faktların heç biri Novruz bayramına təsadüf etməmişdir.

-Bəzən bu bayramı İmam Əlinin hakimiyyətə gəlməsi ilə əlaqələndirirlər. Bu nə dərəcədə doğrudur?

-Əslində İmam Əli əleyhissəlam milad təqvimiylə 656-cı ilin iyun ayında xəlifə seçilmişdir. Qeyd olunan "Həzrəti Əlinin taxta çıxması, Qədir-Xüm gününə təsadüf edir. Qədir-Xüm günü peyğəmbərliyin imamətə təhvil verildiyi gün kimi qeyd edilir və həmin gün Həzrəti Əli Peyğəmbərdən sonra ümmətə imam olaraq təyin edilmişdir. Qədir-Xüm milad təqvimiylə 16-17 mart tarixlərinə 632-ci ilə təsadüf etmiş və islam aləmində "həccətül-vida (Peyğəmbərin sonuncu həcci) kimi məşhurdur.

Nəticə olaraq qeyd etmək olar ki, Novruz bayramı heç bir dinlə əlaqəli deyildir. Uzun illər xalqımız bu bayramın sevincini yaşamış, bayramın gəlişini səbirsizliklə gözləmişdir. Xalqın adət-ənənəsi kimi bayramı yaşatmaq, qeyd etmək dini cəhətdən qadağan deyil. Novruz milli-mənəvi dəyərlərmizin bir hissəsi, xalqımızın qeyd etdiyi ən qədim bayramıdır.