Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Birinci vitse-prezident Mehriban Əliyevanın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün parlamentin plenar iclasında deyib.

"Tam əminliklə onu da deyə bilərəm ki, Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir insan, bu sahədə möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Birinci vitse-prezident Mehriban Əliyevanı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".