Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iclasda iştirak edib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə parlamentin adından təbrik edən Milli Məclisin sədri Oqtay ƏSƏDOV deyib:

-Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də dörd amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.

Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək.

Xanım Mehriban Əliyeva iclasda çıxış edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın

çıxışı

-Hörmətli Oqtay müəllim.

Hörmətli millət vəkilləri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.

Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.

Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında, ümumilikdə, 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da on minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.

Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı "Talassemiyasız həyat naminə proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul olundu.

Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun - ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.

Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam. Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək, səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə çox sağ olun.

X X X

Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏSGƏROV çıxış edərək deyib ki, Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli bir insan, Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi dövlətimizin başçısına yardımçı olacaq. Mehriban xanımı xarakterizə edən insani keyfiyyətlərindən biri də onun humanistliyidir. Onun təşəbbüsü ilə qəbul edilən dörd amnistiya aktı nəticəsində on minlərlə insan azadlığa, öz ailəsinə qovuşub. Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti çox önəmli bir Sərəncam imzaladı. Penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşməsi haqqında Sərəncam dövlətimizin sosial, hüquqi mahiyyəti ilə bağlı olan bir sənəddir. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Yəqin ki, bu Sərəncamın həyata keçirilməsi ilə əlaqədar parlamentdə də bəzi qanunverici aktlara əlavələr, dəyişikliklər ediləcək, yeni qanunların qəbul olunması zərurəti yaranacaq. Sözsüz ki, bu sahədə də Mehriban xanımın mühüm töhfələri olacaq.

Milli Məclis sədrinin müavini Bahar MURADOVA qeyd edib ki, bu gün Azərbaycan parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyuldu. Mehriban xanım Əliyeva bu gün Milli Məclisdə çıxış etməklə vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl həm xalqa, həm dövlətə, həm də parlamentə hesabatını verdi. Bu, çox gözəl bir ənənədir. Əminik ki, Birinci vitse-prezident Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki biz ondan yalnız belə fəaliyyət, xalqa, Vətənə belə xidmət görmüşük.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən Mehriban xanımın sivilizasiyaların, mədəniyyətlərin bir araya gətirilməsi istiqamətindəki səyləri dünya nizamının yaxşılaşması və harmoniyanın olması baxımından çox faydalıdır. Mehriban Əliyeva Azərbaycan qadınlarının tarix boyu əldə etdikləri uğurlara daha böyük bir uğur gətirdi. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək vəzifə daşıyıcısıdır və bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu sübut etdi. Xalqımız hər zaman Mehriban Əliyevanın yanında olacaq, onun uğurlarına sevinəcək.

Çıxış edən deputatlar Siyavuş Novruzov, Fəzail İbrahimli, Elmira Axundova, Sahibə Qafarova, Azay Quliyev, Rauf Əliyev və başqaları Mehriban xanım Əliyevanın xeyirxah əməllərindən danışaraq onun bu yeni vəzifədə də xalqımıza, dövlətimizə layiqincə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Xanım Mehriban ƏLİYEVA onun fəaliyyətinə verilən qiyməyə görə minnətdarlığını bildirərək dedi:

-Hörmətli sədr, hörmətli həmkarlar.

Mənim haqqımda dediyiniz xoş sözlərə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü, layiq komanda durur. Mən yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən soydaşlarımız var və ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan Prezidenti var.