"Erkən yaş dövründə hafizə yeni informasiyaya olduqca açıq olduğu üçün uşağın xarici dilləri mənimsəməsi üçün geniş imkan var".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.
O bildirib ki, uşaqların psixi proseslərin inkişafında müəyyən senzitiv, yəni psixi prosesin daha yaxşı inkişaf dövrü mövcuddur: "0-6 yaş arası nitqin inkişaf dövrüdür və hazırlıq dövrünü keçdikdən sonra dilin qrammatik mənimsənilməsi, yeni sözlərin öyrənilməsi, lüğət ehtiyatının artması kimi mərhələlər bir-birini əvəz edir. 2,5 yaşdan 6 yaşa qədər sosial vərdişlərin mənimsənilməsi, 0-5,5 yaşa qədər sensor inkişaf üçün münbit şərait olur. Erkən yaş dövründə uşağın xarici dilləri mənimsəməsi üçün imkan vardır. Həmin dövrdə hafizə yeni informasiyaya olduqca açıq olur".
Psixoloqun sözlərinə görə, hafizənin informasiyaya açıq olması təkcə xarici dildə sözlərin mənimsənilməsi deyil, eyni zamanda simvolikanın, şəkillərin yadda saxlamasına da geniş imkan yaradır: "Hafizənin informasiyaya açıq olması ölkələrin bayraqlarının, xəritədə dövlətlərin yerinin yadda saxlanılması kimi özünü təzahür etdirir. Bir çox hallarda sosial şəbəkələrdə belə uşaqları görüb təəccüblənirik. Xüsusilə, uşaqların telefonda işarələr əsasında videofaylları, şəkilləri özləri tapması bizdə təəccüb doğrur. Bu normal inkişafı olan bir çox uşaqlar üçün xasdır və davamlı məşq etdirildikdə eyni nəticələri əldə edə bilərik. Təbii ki, xarici dillərin öyrənilməsi ana dilinin qrammatikası, sözlərin mənimsənilməsindən sonra həyata keçirilir. Paralel olaraq xarici dilin öyrənilməsi də bu zaman həyata keçirilə bilər".
A.Kərimov uşaqlara paralel olaraq xarici dil öyrədildikdə onların çox yorulmamasına diqqət etməyin vacib olduğunu vurğulayıb.
Psixoloq qeyd edib ki, bunu oyun, asudə vaxt formasında yerinə yetirmək lazımdır: "Əgər valideyn özünün arzusunu uşağına sırıyırsa və uşağın asudə vaxtını əlindən alıb, onu hər hansı dil məşğələləri ilə çox yükləyirsə bu təbii ki, uşağın gərginlik keçirməsinə, həddən artıq yüklənməsinə və diskomfort yaşamasına səbəb olacaq. Uşaq xarici dilləri sonra da öyrənə bilər. Əgər uşaq belə məşğələlərdən qorxursa, onu əzablı bir hal kimi keçirəcəksə ən yaxşısı xarici dilin öyrənilməsini sonraya saxlamaqdır".
O bildirib ki, uşağın erkən yaş dövrlərində öyrənməsi vacib olan daha çox məsələlər var. A.Kərimov onların həmyaşıdlarla oynamağı, ünsiyyətə girməyi öyrənməsi, nizam-intizam tələb olunan oyunlar vasitəsi ilə qaydalara riayət etməsi, rollu oyunlar vasitəsi ilə cəmiyyətdə olan sosial rolları mənimsəməsinin daha önəmli olduğunu qeyd edib.
Psixoloqun sözlərinə görə, erkən yaşda uşaqların fiziki güc tələb edən oyunlarla fiziki baxımdan güclənməsi də vacibdir.
"Uşaq öz dünyasını qurmalıdır. Buna da uşaq üçün bədii ədəbiyyat, nağıllar, rənglərin tam şəkildə dərk olunması və rənglər vasitəsi ilə özünü ifadə etməsinə şərait yaratmaqla nail olmaq olar. Çox zaman uşaqları psixoloqun yanına gətirəndə rəsm vasitəsilə həyata keçirilən proyektiv testləri uşaqla keçirmək mümkün olmur. Buna səbəb isə uşağın təsviri fəaliyyətlə məşğul olmamasıdır" - deyə A.Kərimov əlavə edib.
O vurğulayıb ki, təsviri fəaliyyətlə məşğul olmayan uşaqlarda şəkil çəkmək kompleksi özünü göstərir. Bu hal hətta yeniyetmələrdə də olur. Psixoloq belə hallarda uşağı şəkil çəkməsi üçün uzun müddət dilə tutmağın lazım gəldiyini deyib: "Uşaq bacarmaram kompleksi yaşayır. Şəkil çəkmək uşağın eyni zamanda nitq qabiliyyətinin inkişafı üçün olduqca vacibdir. Belə ki, kiçik yaşlı uşaqlar öz şəkillərini çəkərkən ona izah verməyə çalışır və süjet yaradırlar".