Yusif Bəkirov: «Küçələrdə yaşayan və  valideyn himayəsindən məhrum olan uşaqlar əksər hallarda gələcəkdə narkoman kimi yetişirlər»

Azərbaycanda narkomaniyanın yeniyetmələr, gənclər arasında yayılması yeni xəbər deyil. Bu  mənfi tendensiyanın məktəbyaşlı uşaqlar arasında genişlənməsi həyəcan təbili çalmağa əsas verir. "Virtualaz.org" yazır ki, narkomaniya artıq  cavanlaşaraq 13-14 yaşlı uşaqlara  da keçib. Rəsmi statistikaya görə,  narkotik vasitə istifadəçilərinin 11 min 402 nəfəri Bakıda qeydiyyatdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə 28 min 656 nəfər narkoman qeydiyyatda olub.

Son 5 ildə isə narkomanların sayı 10 dəfə artıb. Baş narkoloq Lalə Cəfərova deyir ki, son 1 ildə narkoman qadınların sayı 5.4 faiz artıb. Bakı şəhər Narkoloji Dispanserində ötən il 313 qadın qeydiyyatda olub. L.Cəfərova etiraf edib ki, narkomaniya orta məktəblər və liseylərdə əsl problemə çevrilib:  "Açıq demək lazımdır ki, məktəblərdə problem yaranıb. Məsələn, bu il orta məktəblərdə çalışan psixoloqların iştirakı ilə təlim keçirdik. Psixoloqlar şagirdlərin yoxlanılmasını tələb edirdilər. Onlar da məktəblərdə narkotik vasitələrdən istifadə edildiyini etiraf edirlər. 7-ci sinifdən başlayaraq narkotikdən istifadə edən məktəblilər var. Hətta, dispanserə 16-17 yaşlı məktəblilər müraciət edib".

Unikal.org xəbər verir ki, Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov "Azadlıq"a açıqlamasında deyir ki, narkomaniya əslində, iynəvurma və heroindən isifadə etmək deməkdir. Problemin  başqa növü isə, kley iyləməkdir.  Yusif Bəkirov bu problemin mövcud olduğunu deyir və onu narkomaniyanın zəif forması adlandırır: "Ona görə də onları narkoman adlandırmaq olmaz. Lakin  küçələrdə yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlar var ki, onlar əksər hallarda narkotikdən istifadənin birinci mərhələsinə başlayırlar və gələcəkdə narkoman kimi yetişirlər. Bunu əlbəttə ki, inkar etmək olmaz.  Eyni zamanda, belə uşaqların statistikasını da aparmaq mümkün deyil. Çünki narkomanlar əsasən, dispanserdə qeydiyyatda  olurlar. Həmin  uşaqlar isə orda qeydiyyatda  deyillər. Həmçinin Cinayət Məcəlləsində bu barədə  dəqiq bir şey olmadığı üçün onları cinayət məsuliyyətinə də cəlb etmək mümkün deyil. Küçədə yaşayan uşaqlar isə narkomaniyanın bütün  mərhələlərini öz üzərlərində sınaqdan keçirirlər. Yəni bu problem hazırda həqiqətən mövcuddur".