Şou-biznes nümayəndələrinin ailə həyatları hər zaman insanlar tərəfindən maraqla qarşılanıb. Onların sevgi hekayələri, ailə münasibətləri, sevib-seçdiyi şəxslər həmişə müzakirə olunub. Bir-biri ilə münasibət quran yerli məşhurlar da çoxdur. Lakin onların heç də hamısının birlikdəliyi möhkəm olmur, qısa müddət sonra pozulur. 

Son günlər şou-biznesin daha bir cütlüyünün ailəsi dağılıb. 2007-ci ildə ailə həyatı quran və 3 övladı olan rejissor Fuad Əlişov həyat yoldaşı, aktrisa Sevinc Əlişovadan boşanıb. Rejissor bu haqda "Primetime" saytına açıqlamasında deyib. Ancaq ailə həyatı uzun sürməyən yerli tanınmışlar yalnız Fuad Əlişovla Sevinc Əlişova deyil.

Unikal.org xəbər verir ki, Musavat.com evlənib-boşanmış və sevgi münasibətləri uğursuzluqla bitən tanınmışların siyahısını hazırlayıb.

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evlənsə də, cütlük qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə qonşuları olan Təranə adlı xanımla evlənib. Təranə Səmədova isə hələ də subaydır.

Reper Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, iki məşhurun evliliyi qısa müddət sonra bitib və onlar boşanıblar. Hazırda ikisi də subaydır.

2014-cü ilin fevralında ailə quran model Minarə Allahverdiyeva məşhur prodüser Cenk İçtəndən ayrılıb. Cütlüyün Məryəm Nur adlı bir qızı var.

Müğənni Elton Hüseynəliyev ilə prodüser Tamilla Hüseynəliyeva (Toma) 2015-ci ilin avqustunda rəsmən boşanıb. Ayrılığa səbəb olaraq Toma Eltonun həyatında başqa qadın olmasını göstərib. Lakin iki qız valideyni olan cütlüyün barışdığı da deyilir.

Teleaparıcılar Vüsalə Əlizadə ilə Azər İsmayılov ailəli olub, boşanan tanınmışlardandırlar. Cütlüyün Dilək adlı qızı var.

Müğənni Röya da boşanan sənətçilər sırasındadır. Onun həyat yoldaşı Anar Cəlilovdan Hüseyn adlı bir oğlu var. Qeyd edək ki, A.Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin sahibi, iş adamı Çingiz Cəlilovun oğludur.

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva türk aktyor Tolqa Kareldən boşanıb. Cütlüyün Cihangir Can adlı oğlu var.

Sevgili olub, ayrılan yerli tanınmışlar da az deyil. Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun sevgi münasibətləri uzun müddət medianın gündəmini zəbt etmişdi, daha sonra cütlük qalmaqallı şəkildə ayrıldı. Meyxanaçı ötən ilin oktyabrında ailə qurub. Bu onun ikinci evliliyidir. Xalq artisti isə hələ də subaydır.

Prodüser Təranə Səmədova DJ Roşka (Rövşən) ilə 6 ay sevgi münasibətləri yaşasa da, cütlük daha sonra ayrılıb. Prodüserin adı sonralar idmançı Ceyhun Əliyevlə hallansa da, cütlük dost olduğunu bildirib.

Model Səbinə Allahverdiyeva və aparıcı Cavid Gülün sevgi münasibətləri də uğursuzluqla bitib. Cütlük qalmaqallı şəkildə ayrılıb. Hazırda Səbinə Allahverdiyeva rejissor Şahin Zəkizadə ilə evlidir.