Göygöl rayonunda narkotik tərkibli bitkilər əkib-becərməklə məşğul olan iki qardaş polis tərəfindən saxlanılıb.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayon polis şöbəsinin əməliyyatçılarına Topalhəsənli kəndi ərazisində mövcud olan fermada narkoplantasiya yaradılması barədə məlumat daxil olub. Polisin əməliyyat tədbirləri nəticəsində rayon sakinləri 53 yaşlı Etibar və 46 yaşlı Cabbar Hacıyev qardaşlarının mal-qara saxladıqları fermada narkotik vasitə əkib-becərdikləri müəyyən edilib. Eyni zamanda, fermada xeyli miqdarda kibrit qutusunda satış məqsədi ilə saxlanılan qurudulmuş marixuana və dibçəkdə aqrotexniki qaydada qulluq göstərilən çətənə kolları və bu kollara aid bitki kökləri müəyyən edilərək götürülüb.
Göygöl rayon Polis Şöbəsinin tədqiqat qrupunun rəhbəri Nemət Balakişiyev deyib ki, 35 ədəd dibçək kolu, 17 ədəd gövdəsi kəsilmiş dibçək kolu, 3 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilib. Bundan başqa, 15 ədəd boş kibrit qutusu, 4 ədəd kəskin qoxulu kütlə müəyyən edilərək götürülüb.
Hadisə yerində ilkin ifadələri zamanı Etibar və Cabbar əməllərini səmimi etiraf ediblər. Qardaşlar xüsusi işıqlandırma sistemi ilə əkib-becərdikləri narkotik tərkibli kolları özləri üçün yetişdirdiklərini desələr də, polis bunu inandırıcı hesab etmir. Yaşca böyük olan Etibar Hacıyev uzun illərdir narkotik aludəçisi olduğunu bildirərək, ərazidən xeyli miqdarda dolu və boş halda kibrit qutusunun aşkarlanmasına özünəməxsus şəkildə cavab verib.
"Mən, 40 ildir bunun çəkəniyəm. Narkotiki də şəxsi, özüm üçün əkmişəm. Məqsədim o olub ki, qurusun, yavaş-yavaş çəkim. Yəni burada o kibrit qutusunun və paketlərin heç bir aidiyyatı yoxdur".
Qardaşlardan Cabbar Hacıyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.