Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı bəlli olub. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, "Qarabağın ardından "Qəbələ də ilk "üçlükdə yerini təmin edib.
Buna XXIII turun nəticələri səbəb olub. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun yetirmələri 4-cü pillədə qərarlaşan "Zirə üçün əlçatmaz olub. Sonuncular "Qarabağla qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.

Hazırda "Qarabağdan 2 xal geridə qərarlaşan "Qəbələnin 47, 3-cü olan "İnterin 39 xalı varsa, "Zirə 30 xala malikdi. Mövsümün sonuna 5 tur qaldığından zirəlilər bütün görüşlərdə qalib gəlsə də, 15 xal əldə edəcək. Belə nəticə də 2-ci yerə çatmağa yetərli deyil. Bu isə o deməkdi ki, "Qarabağla çempionluq mübarizəsi aparan "Qəbələ finişə 5 tur qalmış mükafat qazanacağını rəsmiləşdirib.

İlk "üçlükdəki yer avrokuboklara vəsiqə verdiyi üçün "Qəbələ qitə kuboklarında iştirakını da təmin edib. Əyalət klubu ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada "üçlükdə yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.