Mərhum xalq artistinin oğulluğu həyati təhlükəsizliyi ilə bağlı narahat olduğundan hüquq mühafizə orqanlarına müraciət etdi
Məlum olduğu kimi, mart ayının 27-də mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun ölümü ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yalan məlumat yayılmışdı. İctimaiyyətdə bu xəbərin doğru olduğunu zənn edənlər az olmadı. Çünki günlərlə mətbuatın gündəmindən düşməyən məlum miras qalmaqalı ilə bağlı Orxan Nadirovun həyatının hər an təhlükədə ola biləcəyi ilə bağlı sosial şəbəkələrdə fikirlər səslənməkdədir.  
Ölümü ilə bağlı yayılan xəbərlərdən sonra Orxan Nadirov həyati təhlükəsizliyinin tam təmin olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə mərhum sənətkarın vəkili Habil Vəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib:
"Orxan bəyin vəziyyəti hazırda yaxşıdır, sağ-salamatdır. Amma onun həyati təhlükəsi ilə bağlı məlumatlar yayılırsa, deməli, hansısa fikirlər ola bilər. Buna görə də yaxşı olardı ki, məlumatı yayanlar və onlarla əlaqədə olan şəxslərə qarşı tədbirlər görülsün. Əgər Orxan bəyə qarşı gələcəkdə hansısa addımlar atılarsa, onlar birbaşa məsuliyyət daşıyırlar. Hər bir insanın taleyi Allahın əlindədir. Orxan bəyin həyatı təhlükədə ola bilər. Buna görə də o, həyati təhlükəsizliyinin tam təmin olunması üçün hüquq mühafizə orqanlarına müraciət edib".
"Mərhum sənətkarın evində hazırda kim yaşayır?" sualımızı vəkil bu cür cavablandırdı:
"Orxan bəy əvvəl də buyurmuşdu ki, onun mənzillə bağlı heç bir iddiası yoxdur. Mənzilin qapısı açılır, cümə axşamları orada keçirilir. Daha sonra Orxan bəy açarları təhvil verir. Onun heç bir mal-mülkdə gözü yoxdur. Amma hər bir halda bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən çözülməlidir, başqa cür deyil".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl mərhum sənətkarın adına Fond təsis ediləcəyi ilə bağlı  İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov açıqlama yaymışdı. Onun sözlərinə görə, yaradılacaq fond aztəminatlı ailələrdən olan istedadlı uşaqların təhsilinə dəstək verəcək. Vəkil Habil Vəliyev bu məsələyə də aydınlıq gətirib:
"Orxan bəyin bu haqda heç bir fikri yoxdur. O həmçinin bildirir ki, onun Azərbaycanda tanıdığı bir fond var, anasının adına hansısa fondun yaranmasını istəmir".
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Onun ölümündən sonra mirasının kimə qalacağı ilə bağlı qalmaqal yaşanmaqdadır. Mərhum sənətkarın qohumu Əli Mirəliyev dəfələrlə etiraz dolu açıqlamalar verərək vurğulayıb ki, Orxan müğənninin qanuni oğulluğu olmadığından ona heç bir miras düşmür.  
Qeyd edək ki, Orxan Nadirov mərhum sənətkarın xalası nəvəsidir.