Paytaxt Bakının demək olar ki, hər yerində tikinti gedir. Yeni binalar ucalır, obyektlər tikilir. Əgər bina tam qanuni şəkildə tikilirsə, burada heç bir problem yoxdur. Amma...

Bəzi şirkət rəhbərləri tikilən binalardakı mənzilləri baha qiymətə satıb, pul qazanmağı düşündükləri üçün tikinti qaydalarını unudurlar. Məsələn, tikinti aparılan ərazidə ətrafdakı insanların təhlükəsizliyi mütləq qorunmalıdır. Lakin təcrübələr göstərir ki, tikinti yerlərində bu meyarlar qorunmur. 

Elə bu səbəbdən bəzən günahsız insanlar zərər çəkirlər. Məsələn, Bir müddət öncə Bakının Səbail rayonunda tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb. 

Sadəcə, bu da deyil. Dəfələrlə tikintidə çalışan fəhlə və ustaların ölüm xəbəri yayılıb. Bəziləri ağır bədən xəsarətləri alıblar. Çoxlarında qoruyucu dəbilqə, bel kəməri, xüsusi geyimlər olmur. Hətta baş verən bədbəxt hadisə zamanı günahı ölən işçinin üstünə atmaq üçün cəsədin üzərində xüsusi "əməliyyat" da aparanlar olub. Məsələn, işçinin belinə kəmər bağlayıb, başına dəbilqə taxıblar ki, ölümü şirkətin üzərinə qalmasın. 

Bu və buna bənzər hadisələrin sayı "N" qədərdir. Səbəb isə məsuliyyətsizlikdir. Tikinti zamanı ərazi xüsusi, kəsici və zərərverici olmayan materiallarla hasara alınmalıdır. Binanın hər tərəfi xüsusi torla qapadılmalıdır. Bu belə tam olaraq təhlükəsiz şərait demək deyil. Amma buna baxmayaraq, adi qaydalara belə riayət edənlərin sayı, etməyənlərdən qat-qat azdır. 

Unikal.org xəbər verir ki, Musavat.com-un reportyoru Bakının tikinti gedən ərazilərinin bəzilərində olub və tikinti təhlükəsizliyinin hansı səviyyədə olmasını müşahidə edib. 

Müşahidəmiz zamanı məlum oldu ki, ərazidəki heç bir tikinti şirkəti təhlükəsizliyi qorumur. Binaların heç birində müdafiə toru yoxdur. Hansı ki, bu torlar, tikinti və ya təmir zamanı aşağıya düşə biləcək istənilən əşyanın qarşısını alır. 

Tikinti gedən ərazinin ətrafı ya təhlükəli metaldan hasarlanıb, ya da ümumiyyətlə, hasarlanmayıb. Bəzi hasarlar, kənarları kəsici xüsusiyyətə malik metaldan salınıb. Hansı ki, onların da bəziləri yarımuçmuş vəziyyətdədir. 

Ətrafda yaşayan sakinlər şəkillərinin çəkilməsini istəməsələr də, şikayətlərini bildirdilər. Cavanşir adlı şəhər sakini binaların yanından keçərkən qorxa-qorxa hərəkət etdiyini deyir: "Bir gözüm yuxarıda olur, bir gözüm aşağıda... Qorxuram ki, birdən işləyən ustanın əlindən çəkic sürüşər, aşağı düşər. Çəkic olmasın, başqa bir əşya olsun, fərq etmir. 7-ci və 8-ci mərtəbədən aşağı nə düşsə, adamın başını yarar. Bunlar gərək, binanın hər tərəfini mühafizə toru ilə qapatsınlar. Amma etmirlər. Yəqin düşünürlər ki, artıq xərcdir. Çox maraqlıdır, şəhərin mərkəzində, gözə tez çarpan ərazilərdə aparılan tikintilər zamanı hər bir detala fikir verirlər. İşçilər xüsusi geyimlərdə, bellərində kəmər, ərazi isə səliqəli hasarlanmış, elanlar yazılmış halda olur. Amma gözdən bir balaca uzaq yerdə heç bir qaydaya, qanuna əməl edilmir. Bu da onu sübut edir ki, bizdə hər şey gözdən pərdə asmaq üçün nəzərdə tutulub". 

Baş verən hadisələr, müşahidələrimiz və sakinlərin haqlı narazılığı bir daha sübut etdi ki, tikinti sahəsinə ciddi nəzarət edilməlidir. Nəzarət sadəcə, sənədlərin qaydasında olub-olmaması ilə bağlı məhdudlaşmamalıdır, həm də tikinti prosesi zamanı ətraf mühitin müdafiəsi, ətrafda yaşayan sakinlərin, işçilərin təhlükəsizliyi də yoxlanılmalıdır.