ATV-nin efirində yayımlanan "Bir sevgi tarixçəsi" verilişində aktyor Arif Quliyev internat evindəki xatirələrini danışaraq, göz yaşlarını saxlaya bilmədi.

Unikal.org atv.az-a istinadən bildirir ki, aktyor deyib:

"O illərimi unuda bilmirəm. İnternat məktəbində oxuyurdum. Bir uşağın yanına valideynləri gəlmişdilər. Valideynləri ona yemək, qarpız, bir də noğul konfeti gətirmişdilər. Mən də pəncərədən onlara baxırdım. Diqqətlə o uşağa baxırdım ki, onu necə qucaqlayırlar, yeməyi ona necə yedirdirlər. Fikirləşirdim ki, mənim yanıma heç kim gəlmir. Sonra o uşağın valideynləri gedəndən sonra o uşağa yaxınlaşıb, noğul istədim. Amma o vermədi. Dedi ki, bunu mənə anam gətirib. Ağlaya-ağlaya otağa gedib, uzandım. 2 gün yerimdən dura bilmədim. Televizora baxanda gördüm ki, Lütfiyar İmanov oxuyur. Mən ona bir məktub yazdım. Yazdım ki: Hörmətli sənətkar Lütfiyar müəllim, mən internat məktəbində oxuyuram. Mənim heç kimim yoxdur. Mənə noğul göndərməsini xahiş etdi. 1 həftə sonra mənə bir qutu noğul göndərdi. Noğulu hamıya payladım, baxdım ki, mənə noğul verməyən uşaq kənardan baxır. Çağırıb, noğuldan ona da verdim".