UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib.

Unikal.org-un məlumatına görə, buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.

Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s.) ittihamları irəli sürülüb.

Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.