Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. 

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Padar-Qarasu mənzilində və Padar stansiyasının baş yollarında 12,3 km yolun əsaslı təmirinə start verilib.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 255 km dəmir yolu əsaslı təmir olunub.