Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bir müddət əvvəl dayanacaqlarda avtobuslarıb gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da, amma nədənsə onlardan heç bir məlumat almaq mümkün deyil. Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işləməsi, təəssüflər olsun ki, qısa müddətli oldu.
Odur ki, bu gün çətin hansısa dayanacaqda düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda olan monitor işləmir. Sərnişinlər ondan güzgü kimi istifadə edirlər.
"Eurovision" ərəfəsində xərc çəkilərək  quraşdırılan bu monitorların demək olar ki, hamısı elə həmin müsabiqə vaxtı işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində deyəsən bəzi problemlər mövcuddur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyir ki, monitorların əksəriyyətinin işləməməsi həmin ərazilərdə gedən təmir-tikinti işləri ilə bağlıdır: "Əksər yollarda təmir gedir, yaxud özəl şirkət sahibləri haradasa obyekt tikir, bu zaman onlar dayanacaqlarda quraşdırılan monitorların kabellərini zədələyirlər. Bu barədə bizə məlumat vermirlər. Məlumat verilən ərazilərdəki monitorları isə yenidən işə salmaq xeyli vaxt aparır", - deyə qurum rəsmisi bildirdi.