Dünyanın bir çox ölkələrində yayımlanan talant-şou Ukraynada da ən reytinqli verilişlər sırasındadır.
Unikal.org lent.az-a istinadən bildirir ki, proqramın axırıncı bölümündə maraqlı anlar yaşanıb. 8 ildir yayımlanan "Talant Ukrayna"nın bu buraxılışı ilə rekorda imza atıb. Verilişdə səhnəyə çıxan 2 yaşlı Arina Şuqaleviç münsifləri, tamaşaçıları və bütün izləyiciləri şoka salıb. Yaşıdları hələ bu yaşda dil açıb danışmadığı halda 2 yaşlı bu balaca qız 194 ölkənin paytaxtının adını düzgün deməklə hər kəsi heyrətləndirib. Münsiflər istənilən ölkənin adını deyib, Arina isə paytaxtlarını.
Arinanı talant-şouya gətirən anası onun 6 aylığında dil açıb danışdığını bildirib. Bir yaşında isə balaca qız artıq əzbərdən şeirlər söyləyirmiş. Ana bir dəfə internetdə ölkələrin paytaxtlarını əzbərdən deyən uşağın videosunu görüb və bu təcrübəni qızı ilə aparmaq qərarına gəlib. Təcrübə uğurlu alınıb. 2 yaşında ölkələrin paytaxtını bilən Arina bununla rekorda imza atıb.