Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxslərdən zərgərlər - Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib.
Jurnalistlərə açıqlama verən təqsirləndirilən S.Qurbanovun vəkili Azər Tağıyev bildirib ki, A.Cahangirov Dubaydan 95 min manatlıq qızıl aldığını söyləyib. Onun sözlərinə görə, həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib: "Qızılları Elxana verəndən sonra özüm isə Dubayda qaldım. Elxan Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Əliyev Fizuli və Əliyev Natiq onu MTN-in inzibati binasına aparıblar. Daha sonra mən də Bakıya qayıtdım. Azərbaycana gələndə isə məni də MTN-ə apardılar".

A.Cahangirov qeyd edəb ki, nazirliyin inzibati binasında ona qaçaqmalçılıqla məşğul olduğunu deyiblər: "Buna görə barəmdə cinayət işi başlamamaq üçün əlavə olaraq, 50 min manat pul tələb ediblər. Hədə-qorxudan sonra həmin pulu onlara verdim".

Daha sonra A.Cahangirov sualları cavablandırıb. O, S.Qurbanovu tanımadığını deyib. A.Cahangirov S.Qurbanov və digər təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianı müdafiə etdiyini söyləyib.

Daha sonra E.Hüseynov dindirilib. Həmin zərərçəkmiş də A.Cahangirov kimi oxşar ifadə verib.

Proses günün ikinci yarısında davam etdiriləcək.(report)