21 Avqust 2019
20 Avqust 2019
“Narkomaniya problemi hər birimizin qapısının ağzındadır”
“Narkomaniya problemi hər birimizin qapısının ağzındadır” MÜSAHİBƏ 14:36 2012-07-10

“Narkomaniya problemi hər birimizin qapısının ağzındadır”
“Narkomaniya problemi hər
birimizin qapısının ağzındadır”

Əhməd Abasbəyli: “Rəsmi məlumatlara görə, bu gün ölkədə 20 min narkoman qeydə alınıb”

- Əhməd müəllim, əvvəlcə ənənəvi sual: hazırda ölkənin narkoloji mənzərəsi necədir?
- Ölkənin narkoloji mənzərəsi barədə dövlət qurumlarının təqdim etdiyi rəqəmlərlə əsil reallıq arasında ciddi fərq var. Bunu artıq hamı qəbul edir ki, ümumən dünyada narkomaniya ilə bağlı durum getdikcə tündləşir. Azərbaycan da bu tendensiyadan sığortalanmayıb və birmənalı şəkildə bildirmək olar ki, bizdə də vəziyyət ürəkaçan deyil. Rəsmi məlumatlara görə, bu gün ölkədə 20 min narkoman var, amma həqiqətdə isə ölkədə daha çox narkoman var. Ən acınacaqlı hal isə budur ki, narkomaniya getdikcə “cavanlaşır”, yəni yeniyetmələrin və gənclərin narkotiklərə qurşanması faktları daha da çoxalmaqdadır. Təbii ki, bu prosesin intişarı daha çox narkobiznesin maraqları daxilindədir, onlar çalışırlar ki, necə deyərlər, “bazarı genişləndirsinlər”. Alıcı nə qədər çoxalsa, onların gəlirləri daha da artacaq. Düzdür, ölkədə narkomaniya və narkobiznesə qarşı mübarizə aparılır, hətta Daxili İşlər Nazirliyinin nəzdində xüsusi idarə də yaradılıb, vaxtaşırı müəyyən tədbirlər görülür. Amma təəssüf ki, ayrıca bir ölkənin imkanları ilə bu ciddi bəlanın qarşısını almaq mümkün olmur. Bu sahədə dövlətlərarası əməkdaşlıq və birgə mübarizə çox önəmlidir və lazımi effekt verə bilir. Qeyd etmək lazımdır ki, həm ölkədə, həm də xaricdə Azərbaycanda narkomaniyanın daha da inkişaf edib yayılmasında maraqlı olan qruplar və şəxslər var.
- Adətən, narkomaniya kompleks səbəblər nəticəsində meydana çıxır. Azərbaycan reallığında bu kompleksə hansı amillər daxildir?
- Ümumiyyətlə, narkomanları sosial mənsubiyyətinə görə, iki qrupa bölmək olar. Bir qrup narkomanlar olduqca imkanlı insanlardır və onlar əsasən, bahalı narkotiklərdən istifadə edirlər. Kasıb təbəqəni təmsil edən narkomanlar bunları əldə edə bilmirlər. Həddindən artıq kasıb, imkansız qrupa məxsus olan narkomanlar isə çox ucuz, keyfiyyətsiz və həyat üçün daha təhlükəli narkotik vasitələrdən istifadə etməli olurlar. Sovetlərin zamanında qapalı cəmiyyətdə yaşadığımızdan və sərhədlər bağlı olduğuna görə narkotik maddələrin ölkəyə daxil olması üçün ciddi maneələr var idi. O vaxtlar hüquq-mühafizə qurumları bu məsələyə çox ciddi yanaşırdılar. Bu gün demokratik ölkələrdə bu məsələ ilə bağlı nəzərdə tutulan cəzalar yüngül olduğu üçün narkotiklərin istifadəsi və yayılma meydanı xeyli genişlənib. Onu da qeyd etməliyəm ki, narkomaniya və narkobiznesin durumunu araşdıran bir çox beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan daha çox tranzit ölkə kimi təqdim edilir. Bildirilir ki, Əfqanıstandan və İrandan gətirilən irihəcmli narkotik vasitələrin keçirildiyi əsas tranzit ölkələrdən biri də Azərbaycandır. Təbii ki, ölkədən keçirilən narkotik vasitələrin bir qismi daxili bazarda reallaşdırmaq üçün saxlanılır. Narkobiznesin də marağındadır ki, bu işə gəncləri daha çox cəlb eləsin və onları daimi müştəri kimi təsir altında saxlaya bilsin.
Narkomaniyanın ölkədə yayılmasının ikinci səbəbi isə ölkədə işsizliyin olması ilə əlaqədardır. Gənclərin asudə vaxtlarının səmərəli şəkildə təşkil edilməməsi də narkomaniyaya aparan hallara yol açır.
Düzdür, rəsmən elan edilir ki, ölkədə yeni iş yerləri təşkil edilir, amma fikrimcə, ölkədə işsizlik hələ də ciddi sosial problem kimi gündəlikdə qalmağında davam edir. Nəticədə gənclər asosial vərdişlərə, yəni narkomaniyaya və cinayətkarlığa düçar olurlar.
-Sosial bəla olan narkomaniyanı önləmək üçün ölkənin bir çox qurumları – dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, KİV, təhsil müəssisələri, ziyalılar əlbir işləməlidir. Respublikada bu baxımdan işbirliyi hiss olunurmu? Olunursa, bunun miqyası və dərinliyi Sizi qane edirmi?
-Bilirsiniz, problem nədədir? Narkomaniya problemləri ilə uzun illərdir ki, məşğul olan bir şəxs kimi deyə bilərəm ki, bizim cəmiyyətdə bu böyük bəlaya qarşı ciddi yanaşmırlar. İstər dövlət strukturları olsun, istərsə də cəmiyyətin digər zümrələri və qurumları olsun. Qəribədir, sanki biz hesab edirik ki, bu problem bizə aid deyil. Hər bir vətəndaş düşünür ki, “Şükür Allaha, mənim övladım narkoman deyil, bu məsələnin mənə nə dəxli var?” Yəni hesab edirik ki, bu bəla bizdən uzaqdadır. Amma əslində, narkomaniya problemi hər birimizin qapısının ağzındadır. Mən dəfələrlə bu problemlə bağlı dövlət strukturlarına və digər ictimai qurumlara müraciət etmişəm ki, bu bəlanın qarşısını almaq üçün cəmiyyətdə müəyyən qədər səfərbərlik əhvali-ruhiyyəsi yaradılmalıdır. Amma çox təəsüflər olsun ki, sualda vurğuladığınız baxımdan cəmiyyətin strukturları arasında əməkdaşlıq müşahidə edilmir və buna heç kim maraq da göstərmir. Bilirsiniz, sadaladığım qurumlara müraciət edəndə də məsləyə dırnaqarası, sadəcə, iş görmək xatirinə yanaşırlar. Ciddi münasibət yoxdur! Amma dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları bu istiqamətdə müntəzəm şəkildə profilaktik tədbirlər həyata keçirsələr, bunun xeyri çox olar. Narkomaniyaya qarşı iki cür mübarizə forması var. Birincisi, narkotik vasitələrin yayılmasının qarşısını almaq, ikincisi isə narkomanlarla və bu vərdişə meylli olanlarla iş aparmaqdır. Fikrimcə, hər iki istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsi son dərəcədə önəmlidir. Amma bu da sistemli şəkildə aparılmır. Hərdən ayrı-ayrı qurumlar, belə deyək də, kampaniyaçılıq xatirinə nələrisə edirlər. Sonra isə bir müddət narkotiklər problemi unudulur və bir müddətdən sonra hansısa beynəlxalq günlə bağlı qəflətən yada düşür ki, narkotiklərin ziyanı barədə danışmaq və ya tədbir keçirmək lazımdır. Yəni respublikada narkotiklərə qarşı mübarizə mövsümi və təqvim xarakteri daşıyır.
Narkomaniyaya aludə olmuş insanların sağaldılması və cəmiyyətə qaytarılması, doğrudan da, çox çətin bir prosesdir. Təkcə bir ailə və ayrıca bir dövlət qurumu bu işin öhdəsindən gələ bilməz, hamı əl-ələ verməlidir. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu sahədə də əməkdaşlıq ruhu sərgiləyə bilmir. Mən dəfələrlə ən yüksək səviyyəli dövlət strukturlarına müraciət etmişəm ki, narkomaniyaya qarşı laqeyd yanaşma dövlətin gələcəyini təhlükə altına sala bilər. Amma onlar məsələyə çox da ciddi yanaşmırlar. Narkomaniya ölkədə ciddi şəkildə yayılıb və xalıqımızın genofondu təhlükə qarşısındadır. Təəsüsüf ki, nə dövlət məmurları, nə də QHT-lər bu təhlükəni ciddiyə alırlar. Donor təşkilatları da bu məsələyə çox laqeyd yanaşır. Ona görə də Azərbaycanda bu istiqamətdə iş aparmaq çox çətindir. Son zamanlar QHT-lərə dəstək üçün dövlət şurası yaradılıb. Bu qurumun fəaliyyətində də narkomaniyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Amma bu sahəyə ayrılan maliyyə vəsaiti yetərincə deyil. Ona görə də QHT-lərin də bu işə marağı ciddi şəkildə azalıb. Ayrı-ayrı sahələr üzrə QHT-lər çox yaradılıb, amma narkomaniya qarşı mübarizə aparacaq QHT-lər yox dərəcəsindədir. Hamısı da yuxarıda sadaladığım səbəblər üzündəndir. Mən ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı 4-5 layihə işləyib hazırlamışam. Bu layihələrlə əlaqədar bir çox qurumlara üz tutmuşam, amma heç kim əməli reaksiya verməyib. Mənə elə gəlir ki, onlar narkomaniyanı qorxulu problem hesab etmirlər. Düzdür, Azərbaycanda vəziyyət bu baxımdan digər ölkələrlə müqayisədə pis deyil, amma tendensiya artmaq istiqamətində inkişaf etdiyindən təhlükələr qaçılmazdır və sabah qarşısını ala bilməyəcəyimiz bir səviyyəyə gəlib çıxa bilər. Tutaq ki, 3-5 il qabaq ölkədəki narkomanların sayı bu qədər deyildi. Yəni ölkədəki narkomaniyanın artım tempi ilə ona qarşı mübarizənin artım səviyyəsi eyni deyil. Çalışmaq lazımdır ki, gənclərin özlərini yüksək səviyyədə hazırlayıb bu mübarizəyə qoşa bilək. Bunun effekti daha yüksək olar. Həbslə, cəza ilə narkomaniya problemini həll etmək mümkün deyil. Çünki dünya üzrə böyük bir mafiyalar qrupu əlaqəli şəkildə iri narkobizneslə məşğuldur və bu işə müxtəlif dövlətlərin yüksəkrütbəli məmurları da cəlb edilib. Belə bir nəhəng şəbəkəyə qarşı vuruşmaq üçün böyük bir cəbhə, birlik yaradılmalıdır.
-XVIII əsrin ingilis diplomatı yazırdı ki, “Çini tam əsarətə aldıq, yəni bu ölkəyə külli miqdarda narkotiklər gətirmişik. Bu ölkə 200 il özünə gəlməyəcək və qabiliyyətli nəsil yetişməyəcək”. Deməli, narkotiklərə həm də strateji silah kimi yanaşanlar da var. Azərbaycana qarşı belə bir yanaşma duyulurmu?
-Bəli, müəyyən dövlətlər Azərbaycana məqsədli şəkildə narkotik maddələr göndərir. Bu siyahının başında İran durur. İran bu istiqamətdə çox işlər görür. Azərbaycana gətirilən narkotiklərin, az qala, hamısı İrandan gətirilir və bu fakta sadəcə təkcə kriminal hal kimi yanaşmaq sadəlövhlükdür. Təbii ki, bizi sevməyən ölkələr Azərbaycan gəncliyinin küt, anlaqsız, qabiliyyətsiz, qeyri-vətənpərvər və savadsız olmasında maraqlıdır. Yəni bu ölkədə ayıq və dərrakəli başların olması onların maraqlarına cavab vermir. Onu da qeyd edim ki, ümumiyyətlə, dünya dövlətlərinin bir-birinə münasibətində belə bir praktika var. Bunu reallaşdırmaq üçün dövlətdəki kriminal qruplarla xüsusi xidmət qurumları həmişə gizli işbirliyində olur.
Söhbətləşdi: Savalan