20 Sentyabr 2019
Bəhram Gurun heykəlinin yerində soyqırım abidəsi olmalıdır – Sərdar Cəlaloğludan qalmaqallı MÜSAHİBƏ
Bəhram Gurun heykəlinin yerində soyqırım abidəsi olmalıdır – Sərdar Cəlaloğludan qalmaqallı MÜSAHİBƏ MÜSAHİBƏ 15:22 2017-03-31

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 31 Mart soyqırımı ilə bağlı Unikal.org-a müsahibə verib. O, söhbətində qalmaqallı fikirlər səsləndirib. Partiya sədri "Xocalı abidəsinin ləğv edilməsini və vahid soyqırımı abidəsinin yaradılması təklifini dilə gətirib.

-Sərdar bəy soyqırımı dedikdə nə başa düşülür?

-İkinci dünya müharibəsində Hitler yəhudiləri ona görə qırıb yox etdi ki, yəhudi xalqının inancları ilə onun Alman xalqına aşıladığı dünyanı idarə etmək iddiaları üst-üstə düşürdü. Soyqrımı iki halda törədilir. Əgər bir xalqın yaşadığı ərazini mənimsəmək istəyirlərsə, o xalqı qırğına məruz qoyurlar. İkincisi, bir xalq digəri ilə eyni məqsədlərə iddia edirsə, bu zaman məhvə məhkum edilir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə diqqət etsək, 31 Mart soyqırımının niyə baş verdiyi sualına cavab verməliyik. Erməni Rusiyanın əli ilə Bakını tutub, buranı bir erməni şəhərinə çevirmək istəyirdi. Bundan sonra Azərbaycanın elə bir əhəmiyyəti olmayacaqdı. Azərbaycanın ən zəngin bir ərazisini ələ keçirib ermənilərə vermək o demək idi ki, digər ərazilər də məcbur olub erməninin əlinə düşəcəkdi. Ruslar Bakıda ermənilərlə birgə "Baksovet yaratmışdılar. Yəni, Bakı dövləti. Bu yaranandan sonra burada yaşayan azərbacanlıları qırmaq haqqında bir dəlil uydurdular. Ruslarla ermənilər Bakıda yaşayan müsəlmanları qırdılar. Bu zaman iki maraqlı siyasət həyata keçirildi. Onlarda siyahı var idi. İlk növbədə xaricdə təhsil almış ziyalıları məhv etdilər. Bizim üçün ən dəhşətlisi qırılanların əksəriyyətinin Bakının elitası olması idi. O təkcə fiziki soyqırımı olmadı, eyni zamanda mənəvi soyqırımı idi. Bundan sonra biz milli elitaya malik olmadığımıza görə, bu gün də bəziləri Azərbyacanın Rusiyaya birləşməsini arzu edir. Rusların ermənilərlə birgə məqsədi Bakını Azərbaycandan qoparmaq olub. Ona görə də Nəriman Nərimanov Sovet hökuməti qurulanda Leninə teleqram vrumuşdu ki, "Azərbaycan yalnız Bakıdan ibarət deyil. Ruslar Bakını Azərbaycandan ayrı bir məmləkət dövlət kimi nəzərdə tuturdular. Soyqırımının da mahiyyəti ondan ibarət idi ki, Bakıda yaşayan bütün Azərbaycan türkləri məhv edilsin və bura bütövlükdə erməni-rus şəhərinə çevrilsin.

-Azərbaycan tarixçilərinin bu istiqamətdə araşdırma və fəaliyyətlərini necə qiymətləndirirsiniz?

-Bizim tarixçilərin ən böyük tarixi xəyanəti ondan ibarətdir ki, bu işdə Rusiyanın əlinin olduğunu gizlədirlər. Qarabağı iğal edən də, burada separatizmin əsasını qoyanda rusdur. Bizə qarşı aparılan düşəmənçilik siyasətinin arxasında rusların dayanmasına baxmayaraq Azərbaycan tarixçiləri rusları bu konteksdən çıxarırlar. Deyirlər ki, Xocalı və 31 Mart soyqırımının törədilməsində rusların rolu yoxdur. Bu gün də Qarabağın işğal altında saxlanılmasının və bu problemin həll edilməməsinin bir nömrəli günahkarı Rusiyadır.Bunu kimin yaratdığını deməyənə qədər, Dağlıq Qarabağ problemi həll olunmayacaq. Rusiya özü yaratdığı işdə vasitəçilik edir. Xocalı da, 31 Mart soyqırımı da rusların iştirakı ilə baş tutub. Çünki ermənilərin silahı yox idi. O vaxt Silah zavodu Tulada olub. Erməniyə də silah rus tərəfindən verilib.

-Qubada kütləvi soyqırımı məzarlığı aşkar edildi. Bakıda da belə bir məzarlığın aşkar olunması ehtimalı varmı?

-İndiki Milli Məclisin, Aztv-nin və alov qüllələrinin yerləşdiyi ərazi bütünlükdə 31 Mart soyqırımında öldürülən insanların qəbirləri olub. Sovet hökuməti bunu xalqımızın yaddaşından silmək, soyqırımının ermənilər və ruslar tərəfindən törədildiyinin izini itirmək üçün 1930-cu illərdə "Çənbərəkənd qəbristanlığının dağıdılmasını həyata keçirdi. Bu gün də insanlar bilmir ki, orada məzarlıq olub. Müdafiə Nazirliyinin və Milli Məclisin binasının yerləşdiyi ərazi qazılsa, oradan insan sümükləri çıxacaq. Qubada bir quyu qazıb, öldürülən insanları ora töküblər. Bakıda qırılanları isə sonradan ayrı-ayrı qəbirlərdə dəfn etmək imkanı olub.

-31 Mart soyqırımı ilə bağlı tarixi araşdırmalar sizi qane edirmi?

-Tarix siyasi elmdir. Bu siyasi konyektura əsasında yazılır. Misalçün mən şahamsa, günahlarım xeyirli işlər kimi yazılır. Bu gün tarixçilər həqiqət olaraq yazsalar ki, Rusiya Azərbaycan torpaqlarını tarixən qoparıb, bu böyük bir qalmaqala səbəb ola bilər. Fəlakət odur ki, Rusların tarix boyu bizə etdiyi düşmənçiliyik siyasətini tarix elmimiz Azəraycan xalqının xilası kimi qələmə verir. Nərimanov deyirdi ki, "Azəbaycan xalqının əbədi xoşbəxtliyi onun Rusiyanın tərkibində olmasıdır. Bu sözü ona dedizdiriblər. Nərimanov o qədər də ağılsız adam olmayıb. Bəyəm o bilmirdi ki, xalq hansısa xalqın əlinin altında xoşbəxt ola bilməz? Buna görə də tarixçilər icazə olmadan ağızlarını açıb danışa bilməzlər.

-Bundan sonra soyqırımın təbliğatı üçün nə etməliyik?

-Yəhudilər təkcə bir dəfə soyqırıma məruz qalmayıblar. Azərbaycanda da müxtəlif tarixi dövrlərdə soyqırım olmasına baxmayaraq, biz erməni və rusların Azərbaycana qarşı soyqrımını bir hadisə kimi qəbul etməliyik. Bir abidə olmalıdır, bir tarixi qiymət verilir.Yeni dövrdə olan soyqırımı əvvəlki qırğının bir sübutu, dəlili kimi qiymətləndirməliyik. Bizdə bir dənə Xocalı soyqırımı abidəsi yaradıblar. Xocalıda 450 nəfər adam ölüb. Amma əsrin əvvəlində, 31 martda 100 mindən artıq azərbaycanlı qırılıb. Nəzərə almaq lazımdır ki, o vaxt Azərbaycan əhalisinin sayı 1 milyon yarım olub. Yəni, əhalinin 15 faizi qırılıb. Yeni dövrdə isə Dağlıq Qarbağda yaşayan əhalinin 10-dan biri qırılmayıb. Soyqırımın həm də bir həcmi olmalıdır. Biri var, xalqın 15 faizi qırıla, bu, o deməkdir ki, həmin xalqı yox etmək istəyiblər. Biri də var, o xalqın 10 mində bir faizini qırasan. Bu ikinci bir səhvdir ki, 31 Mart soyqırımına yox Xocalıya daha çox yer veririk. Çünki 31 Mart soyqırımında Rusiyanın "maskası cırılır.

-Təklif edirsiniz ki, Xocalı deyil 31 Mart soyqırımı abidəsi qoyulmalıdır?

-Bir abidə olmalıdır. Xocalı da 31 Mart da ora əlavə edilməlidir. Sabah tutaq ki, ermənilər hücum edib Qazaxda və yaxud digər ərazidə hadisə törədəcək. Buna da ayrıca abidə qoyacağıq? Bu, həm də Azərbaycana qarşı qurulan rus-erməni ittifaqının apardığı siyasəti anlamağa imkan vermir. Bir abidə olmalıdır. Xətaidəki kimi yox. Məsələn Bəhram Gurun abidəsinin yerində belə bir abidə qoymaq olar. Bəyəm biz farsıq ki ,Bəhram Gura heykəl qoymuşuq?
Xarici də gələndə görsün ki, biz ölümüzə hörmət edirik. Mümkün qədər o abidə hörmətli bir yerdə olmalıdır. Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı abidəsi qoyulmalıdır. Xocalı soyqırımı yox, türk soyqrımı deməliyik. Adı müsəlman-türk soyqırımı abidəsi ola bilər.

Həsən Babayev