Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatətlə çıxış edib.

Vəkil Mirəziz Əsgərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini, başqa qətimkan tədbiri ilə əvəzlənməsini istəyib: "Mirəziz Əsgərovun xəstə olması ilə bağlı MTN-nin hospitalından arayış verilib. Həmin arayışdan da görünür ki, Mirəziz Əsgərov müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onu əvvəlcə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürdülər. Orada müalicə etmək mümkün olmadığı üçün şəhər xəstəxanasına apardılar. Fevralın 20-dək Mərkəzi Kilinik Xəstəxanada müalicə olundu. Müayinə olunandan sonra yenə də müalicə müəssisəsinə aparıldı. Hazırda Bakı istintaq təcridxanasına köçürülüb. Bu xəstəliklərlə orada saxlanılması mümkün deyil".

Prokuror qeyd edib ki, Mirəziz Əsgərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi vəzifəsində işləyib: "Buna görə də işdə dövlət əhəmiyyətli sirlər var. Bu səbəbdən prosesin qismən qapalı keçirilməsini istəyirik. Məhkəmə Mirəziz Əsgərovun xidməti fəaliyyəti ilə bağlı araşdırma aparan zaman prosesin qapalı keçirilməsinə zərurət yaranıb. Digər hissədə isə prosesin acıq keçirilməlidir.

Mirəziz Əsgərov bildirib ki, istintaq təcridxanasında 4 dəqiqə ölü vəziyyətində olub: "Səhhətimlə bağlı vəziyyətim yaxşı deyil. Xəstəliyim dəyişkən hal yaradır. Həkimlərdə məsləhət görüblər ki, daim açıq havada olmalıyam, əks halda vəziyyətim yaxşı olmayacaq.

Məhkəmə müşavirəyə gedib və vəkilin verdiyi vəsatəti təmin etməyib. Prosesin qismən qapalı keçirilməsi barədə qərar elan edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin xidməti fəaliyyəti ilə bağlı araşdırma aparılan zaman proses qapalı keçiriləcək, qalan hissədə isə məhkəmə iclasının qapalı keçirilməsinə əsas yoxdur.

Məhkəmənin baxış iclası aprelin 14-nə təyin edilib.

Qeyd edək ki, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.