Xəzər Universitetinin tələbələri imtahan keçid ballarının bir ay ərzində iki dəfə dəyişdirilməsinə etiraz ediblər.
Unikal.org xəbər verir ki, onların Ölkə.az-a verdiyi məlumata görə, aralıq imtahanına bir həftə qalmış imtahan keçid balı iki dəfə dəyişdirilib. Tələbələr kollektiv surətdə ərizə yazaraq keçid balının 51-ə salınmasını istəsələr də, universitet rəhbərliyindən, daha doğrusu ali məktəbin yaradıcısı olan Hamlet İsaxanlıdan "60-dır və belə də qalacaq. İstəsəniz bütün tələbələr universitetdən çıxmaq barəsində ərizə versinlər, hamısını imzalayacam!" cavabını alıblar.
Tələbələrin sözlərinə görə, ali məktəbin Qəyyumlar Şurasının rəhbəri və Xəzər Universitetinin yaradıcısı Hamlet İsaxanlı tələbələrin sözünü yarımçıq qoyaraq görüşü tərk edib. Qardaşı İsaxan İsaxanlı isə bildirib ki, "vaxtımızdan ayırıb sizlərlə görüşə gəlmişik, siz isə...": Tələbələrin cavabı isə belə olub ki, "bəs nə etməlisiniz?! Bu sizin işinizdir! Biz problemimizi kimə deyək?!"
İsaxanlı qardaşları bildirirlər ki, keçid balının 60 baldan 50 bala salınması universitetin nüfuzuna xələl gətirəcək və Xəzər başqa universitetlər kimi ikinci "sort" olacaq. Həmçinin görüşdə tələbələr Xəzər Universitetində ingilis dilinin tədrisi barəsində şikayət ediblər. Biri etiraf edib ki, ingilis dilinin bütün səviyyələrini keçib, amma heç nə bilmir. Bir tələbə isə, işə düzələ bilməməsinin səbəbinin dərs cədvəlinin 08:00-da başlayıb 18:30-da bitməsi olduğunu bildirib".
Hamlet İsaxanlı isə qərarların tez-tez dəyişilməsini belə izah edib: "Prezident də qərar çıxardır, sonra da deyir ki, bu qərar səhv olub və qərarını dəyişir".
Xatırladaq ki, Universitetin rektoru Hasan Niknafs tərəfindən imzalanmış (Təhsil Nazirliyinin təkidi ilə) qərara əsasən keçid balı 51 bala endirilmişdi.
Yeri gəlmişkən, tələbələrin redaksiyamıza göndərdiyi bir neçə faktı olduğu kimi təqdim edirik:

- kreditin qiyməti fakültədən asılı olaraq, 100-140 manat arasında dəyişir;

- Hər semestr major (mütləq) və elective (seçimli) dərslər dəyişə bilir (yəni "major"-lar "elective"lərin sırasına keçə bilərlər və tərsinə);

- İndiyə kimi 57-59 bal aralığında imtahandan kəsilən tələbə 70 AZN verib tamamlama imtahanına girə bilərdi. Amma onun neçə bal topladığından asılı olmayaraq yekun qiymət 60 olaraq yazılırdı;

- Canteen-də (yeməkxanada) qiymətlər olduqca yüksəkdir;

- İmtahanda ən azı 4-5 nəzarətçi olur;

- Tələbələrin hüquqlarını qorumaq üçün yaranan Tələbə Məclisi (TM) hər bayramda çal-oynasın qurur (TM keçən il ərzində tələbələrə 500-600 arası Sertifikat, təşəkkürnamə paylayıb);

- Universitet ərazisində siqaret çəkmək olmaz;

- Müəllimlərin bir çoxu xaricdə təhsil almış cavan kadrlardır, amma metodik bacarıqları və təcrübələri yoxdur;

- "Xəzər"linin gündə 4 dərsi ola bilər. Səhər 08:30-da və axşam 18:30-da;

- "Bizə mother-father keçirlər, amma tələb edəndə UNSC VI chapter-ni səlis ingilis dilində imtahanda yazılmasını tələb edirlər" (Müəllimin tez-tez verdiyi "İngilis dilini keçməyibsiniz?" sualının cavabı);

- GPA (ortalama bal) 70,0 bal olmalıdır ki, universiteti bitirə biləsən. Əks halda (70-dən aşağı) yalnız sertifikat verilir;

- Azərbaycanın təhsil sistemində "ən uzunmüddətli ali təhsil alan" kimi bir rekorda imza atmış tələbə məhz Xəzər Universitetinin tələbəsi olub. Əslən Hindistandan olan bu gənc düz 12 il burada oxuyub. Deyilənə görə, o, ana dilimizdə bizdən yaxşı danışırmış;

- Humanitar və Sosial Elmlər fakültəsində dərs deyən Kənan m. var. Tədris illərinin birində bir semestr ərzində 125 tələbədən yalnız 18-i onun imtahanından keçə bilmişdir;

- Deyilənə görə, Xəzər Universitetinin yeni kompleksinin 5-ci mərtəbəsi həmin müəllimin kəsirlərindən toplanan vəsaitlə tikilmişdir;