Cüdo üzrə Azərbaycan milli komandası ciddi problemlə üzləşib.

Unikal.org-un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov zədələnib.

İyirmi altı yaşlı idmançının diz nahiyəsindəki köhnə ağrıları bu yaxınlarda Qazaxıstandakı təlim-məşq toplanışı zamanı yenidən baş qaldırıb. Nəticədə o, Macarıstanın Tata şəhərindəki toplanışdan kənarda qalıb. Hazırda Səfərov Bakıda tibbi-bərpa prosesi keçir. Həkimlər cüdoçunun Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında iştirakına çalışırlar. Yekun qərar isə gələn həftə veriləcək.

Qeyd edək ki, Orxan Səfərov karyerası ərzində müxtəlif Qran Prilərin qalibi olmaqla yanaşı, 2013-cü il dünya çempionatında bürünc, son 2 Avropa çempionatında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 60 kq çəki dərəcəsində liderdir.