Avropa Polis Təşkilatı "Europol" dünya miqyasında apardığı əməliyyatda 10 min tondan çox qanunsuz qida və içki ələ keçirib. Bu qidalar arasında meymun əti, tırtıl və çəyirtkə də var.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, 57 ölkənin hüquq-mühafizə orqanlarının iştirak etdiyi əməliyyat üç ay davam edib. Həyata keçirilən əməliyyat zamanı İngiltərədə 10 min litr saxta içki, İtaliyada yaşıl rəng verməsi üçün mis sulfatla boyanan 85 ton zeytun ələ keçirilib.

Əməliyyatlar zamanı Fransadakı hava limanlarından 11 kq çəyirtkə, 20 kq tırtıl, Belçikadakı Zaventem hava limanında isə bir neçə kiloqram meymun əti ələ keçirilib.

Genişmiqyaslı əməliyyatların keçirilidiyi ölkələr sırasında Avstraliya, Yunanıstan, Macarıstan, Cənubi Koreya, Boliviya, Sudan və İndoneziya da var.

Ötən ilin noyabr ayından başlayan əməliyyat 2016-cı ilin fevralına qədər davam edib. Aparılan əməliyyatlar çərçivəsində bütövlükdə 12 min vannanı doldurmağa yetəcək qədər saxta içki aşkar edilib.