Əbülfəs Qarayev: “Mən daha çox meşələrə, göllərə üstünlük verirəm”
Əbülfəs Qarayev: “Mən daha çox
meşələrə, göllərə üstünlük verirəm”

“Bu ilin axırında Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi ilk xizək sürənləri qəbul edəcək”. Lent.a-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, kompleks xidmət, şərait baxımından yüksək səviyyədə hazırlanacaq: “Bu qışdan etibarən Şahdağ Qış-Yay Kompleksində ilk xizək sürənləri qəbul etməyə hazırlaşırıq”.
Əbülfəs Qarayev Azərbaycanda qış turizmin inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü vurğulayıb: “Bu istiqamətdə işlər Qəbələdə də gedir. Şəkidə, Mingəçevirdə də bunun üçün potensial imkanlar var. Ona görə də yeni komplekslərin qış mövsümünə hazırlıqlı olmalarına çalışırıq. Ümumiyyətlə, mövcud olan turist komplekslərinin qışda da fəaliyyət göstərmələrinin tərəfdarıyıq”.
Nazir öz istirahətini harada keçirməsi ilə bağlı suala da cavab verib. O, bildirib ki, məzuniyyətinin bir hissəsini Azərbaycanda, digər hissəsini isə xaricdə keçirir: “Mən istirahət edərkən, daha çox meşələrə, göllərə, üstünlük verirəm. Sözsüz ki, dənizi də çox sevirəm. Məncə, Xəzər dənizindən kənara çıxmaq bəlkə də düzgün deyil. Amma bir yerdə qalanda da yeniliklərdən xəbərsiz qalırıq. Ona görə də çalışıram Türkiyəyə, Avropaya gedim. Bu il də Türkiyədə açılan yeni kompleksə getməyi nəzərdə tuturam”.