Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub. 

Unikal.org-un məlumatına görə, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan "Borussiya - "Monako matçı ilə yanaşı "Atletiko (İspaniya) - "Lester (İngiltərə) və "Bavariya (Almaniya) - "Real (İspaniya) görüşləri də keçirilib.

Meydana ilk olaraq "Borussiya və "Monako çıxıb. Mövsümün sürpriz komandası "Monako 1/8 final mərhələsində gözlənilmədən "Mançester Sitini üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu "böyük beşlik almanları da məyus edib. Fransızlar səfərdən 3:2 hesablı qələbə ilə dönüblər.

Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılıb. Çempionlar Liqasının son finalçısı "Atletiko İngiltərə çempionu "Lesteri sınağa çəkib. Ötən həftə La Liqada "Realdan səfərdə xal alan "Atletiko doğma meydanda minimal hesablı qələbəyə sevinib. Yeganə qolu Qrizman vurub.

Daha bir finala bərabər oyun isə "Bavariya ilə "Real arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. "Bavariya" hesabı açıb ilk hissəni öndə başa vursa da, sonradan üstünlüyünü qoruya bilməyib. Kristiano Ronaldo 47 və 77-ci dəqiqədə dubl edərək komandasının səfərdən qələbə ilə dönməsini təmin edib.